Türkiyənin İsrailə qarşı nüvə məsələsi qaldıracağı bildirilir
Türkiyə baş naziri Rəcəb Teyyib Ərdoğanın İsrailə qarşı tətbiq edəcəklərini dediyi "C" planının detalları barədə məlumatlar əldə edilib. 313news.net-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu plana İsraillə bütün münasibətlərin dondurulması da aiddir.
Məlumata görə Türkiyə Ermənistana qarşı tətbiq etdiyi "bağlı qapılar"ı İsrailə qarşı da tətbiq edəcək. Lakin bu varianta son anda gedilə bilər.
Ticari əlaqələrin də dondurulması düşünülür. Türklər düşünürlər ki, bu İsraili silkələməyə kifayət edəcək.
İsraili küncə sıxacaq planlardan biri də nüvə məsələsidir. Belə ki, Türkiyə MAQATE-də İsrail əleyhinə məsələ qaldıracaq və sanksiyaların tətbiqini tələb edəcək.
Məlumatlara görə, NATO-nun 29-cu ölkəsi olmaq istəyən İsrailin önünə mane qoyulacaq. NATO-nun yeganə müsəlman üzvü olan Türkiyənin veto hüququndan istifadə etməsi, İsrailin bu hərbi alyansa daxil olmasını mümkünsüz edəcək.
Baş nazir Ərdoğan isə dünən İsrailə qarşı sanksiyalarla bağlı yeni açıqlamasında qeyd edib: "Qarşılığı nə olursa olsun, qürurumuzun çiynənməsinə icazə vermərik".