Türkiyədə ələvilik rəsmiləşir

Ölkədə rəsmi Ələvi Vəqfinin yaradılması barədə qərar verilib

Türkiyədə ələvi dərnəkləri rəsmiləşir. Belə ki, bu günlərdə dövlət naziri Faruk Çelik və ələvi dərnəkləri nümayəndələri arasında baş tutan müzakirələrdən sonra ələvi dərnəkləri olan “cəm evləri”nin hüquqi statusunun müəyyən olunması istiqamətində razılaşma əldə olunub.

Yeni razılaşmaya əsasən dövlət qeydiyyatına alınan “cəm evləri” “İnanc və Ərkan Mərkəzi”, ələvi “dədələr” (cəm evləri başçıları, ağsaqqal) isə “inanc liderləri” adlandırılacaq. Eyni zamanda razılaşmaya əsasən Türkiyədə Diyanət Vəqfi şəklində bir Ələvi Vəqfi qurulacaq. Ölkənin bütün bölgələrində ələvi “dədələr” rəsmi diplom alaraq ələvi dərgahlarında fəaliyyət göstərəcəklər. Onlar da Ələvi Vəqfindən maaş alacaqlar.
Qeyd edək ki, Türkiyədə ələvilik geniş yayılıb və bu ölkədə ələvilərin sayının 10 milyondan çox olduğu bildirilir. Eyni zamanda ölkə siyasi, mədəni həyatında xeyli sayda tanınmış ələvi var. Ancaq saylarının çox olmasına baxmayaraq buna qədər ələvilər rəsmi olaraq tanınmayıb. Son illərdə AKP hakimiyyəti digər dini icmalar kimi, ələvi camiəsinin leqallaşması, bir dini təriqət olaraq rəsmiləşməsi ilə bağlı kompleks addımlar atır. Kampaniya Türkiyədə  “ələvi açılımı” da adlandırılır./Yeni Musavat/

В этом разделе