Rəcəb Tayyib Ərdoğandan ikinci "one minute" bəyanatı

“Avropa Parlamentinin gözü kordurmu, Allah xatirinə?”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ötən gün Avropa Birliyi (AB) ölkələrinin Türkiyədəki səfirləri ilə birlikdə nahar edib. ANS PRESS “CNN Türk”ə istinadən xəbər verir ki, baş nazir AB-nin Kipr meyarlarını Türkiyənin qarşısına sədd kimi çıxarmasını kəskin şəkildə tənqid edib. “Burda bir həqiqəti vurğulamaq istəyirəm. Avropa Parlamenti (AP) hazırladığı hesabatda həqiqətlə uzlaşmayan, bizim tərəfimizdən qəbul edilməsi mümkün olmayan ünsürlərə yer verib və inteqrasiyaya mənfi təsir edəcək bir üslub mənimsəyib”.

Bundan başqa Rəcəb Tayyib Ərdoğan bildirib ki, hesabatda Kiprdə davam edən müzakirələr və Şimali Kipr Türk Cümhuriyyətinin sülh üçün göstərdiyi səylər də yox sayılıb: “Bunları görən bir insan kimi deyirəm. Bu müzakirələrdən qaçan tərəf həmişə yunan Kipri, bunun təminatçısı isə Yunanıstan olub. "Annan planı"nda ifadə çox açıqdır. “Bunu təxirə salaq” deyən ölkə Yunanıstan və Cənubi Kipr olub. Həmin iclasda Papadopulos və Karamanlis geri çəkildiyi vaxt biz, “Xeyr! Bu gün bu iş başa çatmalıdır!” – dedik. İmzanı atdıq və bir həftə sonra referendum keçirildi”.

Çıxışına əsəbi şəkildə davam edən baş nazir Ərdoğan referendumun nəticələrini görməməzliyə vuran AP-ni kar və kor olmaqda ittiham edib: “Referendumun nəticəsi nə oldu? Şimali Kiprdə "Annan planı"nın lehinə 65 faiz, Cənubi Kiprdə isə əleyhinə 75 faiz səs verilib. Bəs necə olur ki, Türkiyə və kiprli türklər günahkar kimi göstərilir? Allah xatirinə AP-nin gözü kordur? Bunu da deməyək, nəyi deyək? Biraz gözlərini açsınlar. Qulaqlarını da həqiqətlərə açsınlar. Dilləri də sadəcə doğrunu və həqiqəti desin”. /anspress/

В этом разделе