Qəzzafi təslim ola biləcəyini deyib

Liviya diktatoru təhlükəsizliyinə təminat veriləcəyi təqdirdə, ölkəni tərk edəcəyini bəyan edib

Liviya diktatoru Müəmmar Qəzzafi nəhayət öz şərtlərini açıqlayıb. Qəzzafi təhlükəsizliyinə təminat veriləcəyi təqdirdə, rəhbərlikdən əl çəkəcəyini bəyan edib. Qeyd edək ki, bu xəbər kütləvi informasiya vasitələri arasında sürətlə yayılıb. "Asharq Alawsat” qəzetinin yazdığına görə, Qəzzafi deyib ki, özünün və ailə üzvlərinin təhlükəsizliyinə zəmanət veriləcəksə, ölkəni tərk edəcək.

“MIGnews” isə yazır ki, “Asharq Alawsat” qəzetinin bu xəbəri hələlik rəsmi təsdiq tapmayıb və məsələ ilə bağlı hər hansı bir şərh verilmir.

Bu xəbərlər fonunda Liviyada hakimiyyət əleyhinə baş qaldıran üsyan davam edir. Ölkə lideri Müəmmar Qəzzafini dəstəkləyən qüvvələr üsyançılara qarşı havadan zərbələr endirib. Liviyanın sahilboyu yerləşən bir sıra şəhərlərində gedən qarşıdurmalar zamanı çoxsaylı ölən və yaralananlar barədə məlumat daxil olmaqda davam edir. ANS PRESS-in BBC-yə istinadən verdiyi xəbərə görə, son saatlar ərzində Misrat şəhər xəstəxanasına 20-dən çox ölü və 100-dən artıq yaralı şəxs gətirilib. Yerli həkimlərin məlumatına görə, Bin-Cavad şəhərində ən azı 7 nəfər ölüb, 50-dən artıq insan isə yaralanıb.

BBC-nin məlumatına görə, prezident Müəmmar Qəddafi tərəfdarları ölkənin şərqində yerləşən Ras-Lanuf şəhərini bombalamağa cəhd etsələr də, hücum üsyançılar tərəfindən dəf edilib. Şiddətli döyüşlərə baxmayaraq, Müəmmar Qəddafi qüvvələri şəhərlərə nəzarəti ələ ala bilməyib. Müxalifət iri şəhərləri əldə saxlaya bilib. Tripoli Qəddafinin əlində qalan əsas ərazi hesab edilir.

Qeyd edək ki, Liviya dövlət televiziyası dünən hökumətin bir sıra şəhərlərdə hakimiyyəti geri aldığını bildirsə də, müxalifət bunu təkzib edir.
Liviya hakimiyyəti humanitar böhranın səviyyəsini qiymətləndirmək üçün BMT ekspertlər qrupunu ölkəyə buraxıb. Missiyaya İordaniyanın sabiq xarici işlər naziri Abdelila əl-Xətib rəhbərlik edir.

BMT-nin qiymətləndirməsinə görə, Liviyada gedən döyüşlər zamanı təqribən 200 min nəfər ölkədən qaçqın düşüb. 6 min nəfər həlak olub.

В этом разделе