Bazar günü Beyrutda parlament seçkilərində qələbə qazanan Saad əl-Həriri və müxalifət partiyası "Hizbullah" tərəfdarları arasında toqquşma baş verib.
Toqquşma nəticəsində bir qadın həlak olub, rəsmi mənbələrdən bildirilib.
Toqquşmalar Livan Prezidenti Mişel Süleymanın "əl-Mustakbal" hərakatının lideri əl-Həririyə ölkədə yeni hökumətin formalaşdırılmasını tapşırmasından sonra baş verib.
Livan ordusunun bölmələri müsəlman məhəllələrində yerləşdirilib. Yaralılar barədə məlumat yoxdur.
Livandakı sonuncu hərbi toqquşmalar 2008-ci ilin yazında əl-Həriri və şiə partiyaları "Amal" və "Hizbullah" tərəfdarları arasında baş verib.
Bazar günü əl-Həriri hökumət üzvləri ilə yeni hökumətin gələcək planları və ölkədə siyasi nifaqın aradan qaldırılması istiqamətində iclas keçirib.
Eyni zamanda, İsrailin Baş naziri Binyamin Netanyahu rəsmi bəyanatla bildirib ki, əl-Həriri hökumətinə "Hizbullah" nümayəndələri daxil olsa, o zaman Livan İsrailə qarşı hərbi əməliyyatlar da daxil olmaqla, partiyanın hərbi əməliyyatlarına görə məsuliyyət daşıyacaq, Jerusalem Post qəzeti yazır.
Cümə günü əl-Həriri və "Hizbullah" lideri milli birlik hökumətinin yaradılması imkanlarını müzakirə ediblər.