İsraildə erməni qalmaqalı

İsraildə Ermənistan vətəndaşı ilə bağlı qalmaqal yaranıb.

“İzRus” portalı xəbər verir ki, bu ölkədə 12 ildir qeyri-leqal yaşayan Ermənistan vətəndaşının baş nazir Benyamin Netantyahunun şəxsi mühafizəçisi olduğu üzə çıxıb. Məlum olub ki, 34 yaşlı Qriqoryan Netanyahu hələ müxalifət lideri olarkən onun şəxsi mühafizə xidmətində işə düzəlib və siyasətçini mühüm tədbirlərdə mühafizə edib. Karate ustası olan Qriqoryanın İsraildə qanunsuz yaşadığı təsadüf nəticəsində ortaya çıxıb. Bildirilir ki, erməni İsrailə 16 yaşında köçüb və onun məqsədi keşiş olmaq imiş. Lakin bir neçə il sonra o planlarını dəyişərək Ermənistana geri qayıdıb. Bu zaman Qriqoryan ailəsinin ağır iqtisadi durumda yaşadığını görərək İsrailə geri qayıtmağa və pul qazanaraq yaxınlarına göndərməyə qərar verib.

Məlum olub ki, erməni İsraildə yaşamaq və işləmək hüququ əldə etmək üçün saxta sənədlər düzəldib. Tanışlarından birinin şəxsiyyət vəsiqəsini alaraq onu saxtalaşdırıb və saxta sənəd əsasında hətta silah gəzdirmək barədə vəsiqə də ala bilib. Əvvəlcə Qriqoryan gecə klublarında mühafizəçi işləyib. Daha sonra VİP statuslu şəxsləri mühafizə etməyə başlayıb. İsrailin daxili təhlükəsizlik xidməti ŞABAK tezliklə onu işə götürüb və Netanyahunun mühafizəsi üçün ayırıb. Qriqoryanın əsas vəzifəsi kütləvi mərasimlər zamanı Netanyahunun ikinci mühafizə həlqəsini təşkil etmək olub. Üzə çıxıb ki, bu erməni ABŞ-ın keçmiş vitse-prezidenti Albert Qorun İsrailə səfəri zamanı onun mühafizəsində də iştirak edib. Saxta sənədlərlə İsraildə yaşayan erməninin həbs edildiyi bildirilir.
Yeni Musavat

В этом разделе