![](/up/news/article/thumb_hecc.jpg)
Səudiyyə Ərəbistanı mövqeyini bir daha qətiləşdirdi
Səudiyyədə nəşr olunan “Ər-Riyad” qəzeti dövlətin Həcc məsələləri üzrə Nazirliyinə istinadən yazıb ki, iranlı zəvvarların xüsusi münasibətə və ya güzəştlərə malik olması haqda İranla Ərəbistan arasında hər hansı müqavilə imzalanmayıb və belə bir hadisə gözlənilmir də.
Qeyd edək ki, bir müddət öncə İran KİV-də məlumat yayılmışdı ki, Səudiyyə polislərinin iranlı zəvvarlara qarşı sərt davranışına etiraz əlaməti olaraq, İslam Respublikasının vətəndaşları həcc və ümrə ziyarətinə getməyə bilərlər. İranın uyğun qurumları da bir neçə dəfə Səudiyyə rəsmiləri ilə müzakirələr zamanı bəyan ediblər ki, iranlı zəvvarların təhlükəsizliyi təmin edilməyəcəyi təqdirdə, vətəndaşlarının Məkkəyə gəlişi mümkünsüz olacaq. Məlumata görə, bu haqda İranın zəvvarlara xidmət qurumunun mətbuat katibi Abdulla Nasiri və tanınmış din xadimi Məhəmmədi-Reyşəhri tez-tez bəyanat verirlər.
Səudiyyə Ərəbistanının Həcc məsələləri üzrə Nazirliyinin bəyanatında deyilib ki, iranlı zəvvarların Məkkəyə göndərilməsi İslam Respublikasının “daxili işi”dir: “Səudiyyə Ərəbistanı istisnasız olaraq, müsəlman dövlətlərindən olan bütün zəvvarların, o cümlədən iranlıların təhlükəsizliyini ən yüksək səviyyədə təmin etməyə çalışır”.
Xatırladaq ki, iranlı zəvvarlarla Səudiyyənin asayiş keşikçiləri arasında qarşıdurma 1979-cu il inqilabından sonra baş verib. 1987-ci ildə İslam Respublikasından olan zəvvarlarla yerli polis arasında baş vermiş toqquşma zamanı isə onlarla iranlı həlak olmuşdu. Həmin vaxtdan etibarən tərəflər arasında diplomatik münasibət kəsilmişdi. /lent.az/