![](/up/news/article/lider/thumb_erdogan5.jpg)
Türkiyənin baş naziri Cənubi Afrika Respublikasına səfər edib
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Cənubi Afrika Respublikasına səfər edib. O, səfərinin ilk günündə bu ölkənin vitse-prezidenti Kqalema Motlante ilə görüşüb. Paytaxt Pretoriyada baş tutan görüşün ardından Ərdoğan və Motlante jurnalistlərin suallarını cavablandırıb. Ərdoğan görüş zamanı Fələstin-İsrail münaqişəsi, Sudan və Somalidəki vəziyyətin müzakirə edildiyini deyib-ANS PRESS IHA-ya istinadən xəbər verir.
Türkiyə baş naziri həmçinin Türkiyənin qonşu Suriya ilə münasibətlərindən danışıb. Ərdoğan yaxın günlərdə sərhəddə yerləşən Hatay şəhərinə səfər edərək Suriyadakı zorakılıqdan qaçaraq burada sığınacaq tapan suriyalıların məskunlaşdığı qaçqın düşərgəsinə baş çəkəcəyini deyib. Türkiyə baş naziri həmçinin Bəşər Əsədin atası Hafiz Əsədin Suriyaya rəhbərlik etdiyi dönəmi xatırlayaraq o vaxt Həma və Homsda törədilən qətllərdən danışıb: "Görürsünüz, bunlar bu an yenidən gündəmə gəlir. Biz bunları heç gözləmirdik. Amma çox təəssüf ki, belə bir gediş 910 kilometr sərhədi olan Türkiyəni ciddi mənada üzüb, çünki qohumluq bağlarımız var”.
Türkiyə baş naziri Fələstinin BMT-ə üzvlük məsələsinə də toxunub. Ərdoğan bir daha Fələstinin müstəqil dövlət kimi qəbul edilməsinin tərəfdarı olduğunu deyib: “İndiki anda BMT Baş Assambleyasında Fələstinin dövlət kimi tanınması məsələsi qaldırılıb. Bizlər sözsüz ki, Fələstinin dövlət kimi tanınmasını dəstəkləyirik”.