"Əhmədinicat fırıldaq yolu ilə hakimiyyətə gəlib"

Bunu Mahmud Abbasın şəxsi nümayəndəsi Abu Rudeyn deyib

İsraillə Fələstin arasında uzun müddətdən sonra yenidən başlayan birbaşa sülh danışıqları qalmaqalla müşayiət olunur. Ötən həftə Fələstin administrasiyasının lideri və İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtonda ABŞ dövlət katibi Hillari Klintonun vasitəçiliyi ilə görüşüblər.

Danışıqlarda İordaniya və Misir liderləri də yer alıb. İran və onun dəstəklədiyi “Hizbullah”la “Həmas” təşkilatları isə dərhal bəyan ediblər ki, bu danışıqları tanımırlar və onun uğursuzluğa düçar olacağı bəribaşdan aydındır.

Prezident Mahmud Əhmədinejad bildirib ki, Mahmud Abbasın bu danışıqları aparmaq üçün heç bir mandatı yoxdur: “Fələstinlilərin adından danışmağa ona kim səlahiyyət verib? Onun nə haqqı var ki, Fələstin adından danışsın? Mahmud Abbas kimdir ki, Fələstin ərazilərini düşmənə versin?” - deyə Əhmədinejad Tehrandakı çıxışında bildirib.
Ona Fələstin administrasiyası liderinin cavabı da kifayət qədər sərt olub. Mahmud Abbasın şəxsi nümayəndəsi Abu Rudeyn onun adından bildirib ki, Əhmədinejadın Fələstin liderini tənqid etməyə heç bir haqqı yoxdur. “Üstəlik, onun İran xalqı adından danışmağa səlahiyyəti də yoxdur. Əhmədinejad prezident seçkilərini saxtalaşdırıb və fırıldaq yoluyla hakimiyyətə gəlib. Ona görə də bu cür ”moşennik"in Fələstin və onun təmsilçiləri barədə danışmaq haqqı çatmır" deyə Abbasın təmsilçisi bildirib. Müşahidəçilə qeyd edirlər ki, Fələstin administrasiyasının rəhbərliyi ilə İran arasında bu cür sərt polemika heç vaxt yaşanmayıb. /Yeni Musavat/

В этом разделе