"Müstəmləkəçilik keçmişi olan hər hansı bir dövlətin dərs vermək kimi addım nümayiş etdirmək haqqı yoxdur"
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Fransa prezidenti Nikola Sarkozinin "Türkiyənin tarixi ilə təkrar üzləşməsi lazımdır" kimi açıqlamasına sərt reaksiya verib. Əhməd Davudoğlu "Bizim çəkinəcəyimiz bir məqam yoxdur. Amma tarixlə üzləşmə tövsiyəsini bizə söyləyənlər öncə güzgüyə baxsınlar" deyib. Bu cür açıqlamaları siyasi ikiüzlülük hesab etdiyini deyən Əhməd Davudoğlunun sözlərinə görə, Avropada hər seçki dövründə bu cür prinsipsizlik müşahidə olunur-ANS PRESS IHA-ya istinadən xəbər verir.
"Bu, çox yanlış açıqlamadır. Bunlar Türkiyə və Ermənistan arasında başlayan və müəyyən ləngimələrə baxmayaraq davam edən prosesə də mənfi təsir göstərəcək addımlardır. Bunların hər hansı bir slüh prosesinə müsbət təsiri olacağını düşünmək mümkün deyil. Biz tariximizlə üzləşirik. Amma bizim tariximiz eyni zamanda türklərlə ermənilərin əsrlərdir bir yerdə yaşamaq tarixidir. Öz tarixiylə üzləşə bilməyənlərin uzun müstəmləkəçilik anlayışı ilə əsrlərlə rəhbərlik etdikləri cəmiyyətlərlə heç qaynaşmayan, onları aşağı səviyyəli, uşaq kimi görən baxışları ilə öz tarixi ilə üzləşməsi lazımdır. Müstəmləkəçilik keçmişi olan hər hansı bir dövlətin və ya cəmiyyətin tarixlə üzləşmə məsələsində dərs vermək kimi addım nümayiş etdirmək haqqı yoxdur", deyə Əhməd Davudoğlu bildirib.
Nikola Sarkozi Ermənistanda səfərdə olarkən Türkiyənin ünvanına təhdid bəyanatı verib. Onun sözlərinə görə, əgər Türkiyə 2011-ci ilin sonunadək “erməni soyqırımı”nı tanımasa, Fransa müvafiq tədbirlər görəcək. Bu tədbirlərdən biri də “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması haqqında qanun layihəsinin qəbuludur.