Bəşər Əsəd qan içməkdən doymur

Suriyada qanlı toqquşmalar ara vermir, 200-dən çox adam öldürülüb

Beynəlxalq ictimaiyyətin əsas diqqətinin Liviyaya yönəldiyi bir vaxtda Suriyada Bəşər Əsəd rejimi onun hakimiyyətinə qarşı çıxanlara qarşı əsl qətliam törədir. Beynəlxalq xəbər agentliklərinin verdiyi məlumatlara görə, ölkənin bir neçə şəhərlərində rejimin təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qanlı toqquşmalar qeydə alınıb. Əvvəlcə nümayişçilərə atıcı silahlarla atəşə tutan hakimiyyət indi onlara qarşı ordu hissələri və tanklar yeridib.

Ölkənin liman şəhəri Baniyasda və onun yaxınlığında yerləşən Bayda şəhərində qanlı toqquşmaların getdiyi xəbər verilir. Şəhər sakinləri telefonla bildiriblər ki, hərbçilər və tanklar Bayda şəhərinə girişi bağlayıb, küçələrdə patrul dəstələri növbə çəkir. Ötən bazar günü bu şəhərdə baş vermiş toqquşmalar zamanı 13 nəfər öldürülüb. Hərbçiləri daşıyan avtobusun atəşə tutulması nəticəsində ikisi polkovnik olmaqla 9 hərbçinin də həlak olduğu bildirilir. “Human Rights Watch” bəyan edir ki, Suriya xüsusi xidmət orqanları yaralı nümayişçilərə tibbi yardım göstərilməsinə imkan vermir. Dünən səhər Baniyas şəhərində yenidən atəş səsləri və mərmi partlayışları eşidilib. Şəhərdə minlərlə nümayişçinin küçələrə çıxdığı bildirilir.
Suriyanın insan haqları təşkilatları bəyan ediblər ki, Bəşər Əsəd rejimi insanlığa qarşı cinayətlər törədir və ölkədə insan haqlarının rüsvayçı şəkildə pozulması baş verir. İnsan haqları müdafiəçilərinin bildirdiyinə görə, Suriyada etirazlar başlayandan bu yana təhlükəsizlik qüvvələri tərəfindən azı 200 nəfər öldürülüb, onlarla adam itkin düşüb, minlərlə yaralı var. “Hakimiyyət gücdən necə gəldi istifadə edir, şəhərləri mühasirədə saxlayır və dinc nümayişçilərə qarşı silah işlədir” deyə, bəyanatda bildirilir. Beynəlxalq ictimaiyyət isə hələ Suriyada baş verənlərə yumşaq reaksiyalar göstərir. Aprelin 12-də Ağ Ev Suriyada baş verənlərdən narahatlıq ifadə edən bəyanat yayıb. Ağ Evin mətbuat katibi Cey Karni deyib ki, Suriyanın təhlükəsizlik qüvvələrinin yaralılara yardım göstərilməsinə imkan verməməsi barədə məlumatlar onları şoka salıb: “Suriya hakimiyyətinin repressiyaları gücləndirməsi bizi qəzəbləndirir” deyə, Ağ Ev bildirir./Yeni Musavat/

В этом разделе