Türkiyəli deputat Avropa Şurası yeni qanunu barədə açıqlama verib
“Türkiyə Fransa üzərində diplomatik zəfər qazanıb”. Anspress-in  məlumatına görə, bu sözləri AK partiyasından olan millət vəkili və  Türkiyənin Avropa şurasındakı diplomatik nümayəndəsi Pelin Gündeş Bakır işlədib.
Kayseri  şəhərində mətbuat konfransı keçirən millət vəkili üzvü olduğu Türkiyə  nümayəndə heyətinin səyləri nəticəsində Avropa Şurası Parlament  Asambleyasının Türkiyənin xeyrinə qərar çıxardığını bildirib. Belə ki,  22-28 yanvar tarixlərində Parlament Asambleyasında “İnsan haqlarının  pozuntusu olaraq icbari deportasiya” adlı yeni qanun layihəsinin  müzakirələri aparılan zaman türkiyəli millət vəkili qurumda çıxış edərək  qanun layihəsinin 4 maddəsinə dəyişiklik edilməsini təklif edib.
Türkiyəli  deputatın təklif etdiyi dəyişiklikdən yalnız birinin keçməsinə  baxmayaraq, Parlament Asambleyasında həmin maddə böyük səs üstünlüyü ilə  qəbul edilib. Türkiyəli millət vəkili bildirib ki, olduqca önəmli olan  bu dəyişiklik sayəsində Fransada yaşayan Türkiyə vətəndaşları artıq  deportasiya olunmaqdan çəkinmədən qondarma “erməni soyqırımı”nı inkar  edə biləcəklər.
Məzmunu dəyişilmiş maddəyə əsasən, icbari  deportasiya və onun nəticələri ilə bağlı ölkələr arasında hər hansı bir  mübahisə yaranacağı təqdirdə ölkələrin arxivləri və tarixi mənbələri  açılacaq, bunun ardınca hər iki ölkədən tarixçilərin və akademiklərdən  təşkil olunmuş komissiyalar yaradılacaq. Maddədə lazım gəldiyi təqdirdə  üçüncü ölkələrin də arxivlərinin açılması nəzərdə tutulub. Bu kimi  məsələlərin siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalı  olduğunu deyən Bakır Türkiyə üçün xoş olan xəbər jurnalistlərlə bölüşüb.














