Türkiyəli deputat Avropa Şurası yeni qanunu barədə açıqlama verib
“Türkiyə Fransa üzərində diplomatik zəfər qazanıb”. Anspress-in məlumatına görə, bu sözləri AK partiyasından olan millət vəkili və Türkiyənin Avropa şurasındakı diplomatik nümayəndəsi Pelin Gündeş Bakır işlədib.
Kayseri şəhərində mətbuat konfransı keçirən millət vəkili üzvü olduğu Türkiyə nümayəndə heyətinin səyləri nəticəsində Avropa Şurası Parlament Asambleyasının Türkiyənin xeyrinə qərar çıxardığını bildirib. Belə ki, 22-28 yanvar tarixlərində Parlament Asambleyasında “İnsan haqlarının pozuntusu olaraq icbari deportasiya” adlı yeni qanun layihəsinin müzakirələri aparılan zaman türkiyəli millət vəkili qurumda çıxış edərək qanun layihəsinin 4 maddəsinə dəyişiklik edilməsini təklif edib.
Türkiyəli deputatın təklif etdiyi dəyişiklikdən yalnız birinin keçməsinə baxmayaraq, Parlament Asambleyasında həmin maddə böyük səs üstünlüyü ilə qəbul edilib. Türkiyəli millət vəkili bildirib ki, olduqca önəmli olan bu dəyişiklik sayəsində Fransada yaşayan Türkiyə vətəndaşları artıq deportasiya olunmaqdan çəkinmədən qondarma “erməni soyqırımı”nı inkar edə biləcəklər.
Məzmunu dəyişilmiş maddəyə əsasən, icbari deportasiya və onun nəticələri ilə bağlı ölkələr arasında hər hansı bir mübahisə yaranacağı təqdirdə ölkələrin arxivləri və tarixi mənbələri açılacaq, bunun ardınca hər iki ölkədən tarixçilərin və akademiklərdən təşkil olunmuş komissiyalar yaradılacaq. Maddədə lazım gəldiyi təqdirdə üçüncü ölkələrin də arxivlərinin açılması nəzərdə tutulub. Bu kimi məsələlərin siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalı olduğunu deyən Bakır Türkiyə üçün xoş olan xəbər jurnalistlərlə bölüşüb.