Sərkisyanın təyyarəsi vurulmalıdır!

Ekspertlər ermənilərin daha bir özbaşınalığına sərt cavabın tərəfdarıdır

Ermənistan prezidenti Serj Sərkisyan Xankəndidə açılacaq aeroportun birinci reysinin ilk sərnişini olacağı barədə həyasız bəyanatına rəsmi Bakı hələ ki, reaksiya verməyib. Xatırladaq ki, Ermənistan prezidenti bildirib ki, “Qarabağ xalqı” hava nəqliyyatından istifadə etmək hüququna malikdir: “Tarixdə belə təhdidlər çox olub, lakin belə bəyanatlarla dövlətlər yox, adətən terror təşkilatları çıxış edirdi. Belə bəyanatlara yalnız xəstə insanlar bacarıqlıdırlar”.

Qeyd edək ki, Azərbaycanın işğal altında olan ərazilərində inşa olunan aeroportun açılışı mayın 9-na planlaşdırılır. Rəsmi Bakı bəyan edib ki, Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin işğal altında olan əraziləri üzərində hava sahəsi uçuşlar üçün qapalı zona sayılır. Azərbaycan bununla bağlı öz mövqeyini artıq Beynəlxalq Mülki Aviasiya Təşkilatına çatdırıb. Ermənilərin Xankəndində qanunsuz aeroport tikmələri və işğal olunmuş ərazilərə qanunsuz uçuşlar təşkil etmələrinin qarşısını almaq üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatına ünvanlanan müraciət xəbərdarlıq xarakteri daşıyır. Beynəlxalq Mülki Aviasiya Təşkilatı Azərbaycanın Xankəndi aeroportu ilə bağlı narahatlığını və xəbərdarlığını artıq İrəvana çatdırıb. Bu xərdarlığa Ermənistan tərəfdən hər hansı rəsmi cavab verilməyib.
Aviasiya üzrə ekspertlər isə hesab edirlər ki, işğal olunmuş ərazilərdə uçuş edən bütün hərbi və mülki uçuş aparatları “düşmən” hesab olunur. Milli və beynəlxalq qanunlar Azərbaycana beynəlxalq səviyyədə tanınmış ərazilərində hava sahəsinin pozulmasına qarşı müvafiq tədbirlər görmək imkanı verir. Xankəndindən havaya qalxan təyyarələr hətta yüksəklik həddini yığana qədər məhv edilə bilər.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə bildirdi ki, Azərbaycan Xankəndindən havaya qalxan ilk təyyarəni mütləq vurmalıdır: “Azərbaycan bu məsələdə həm beynəlxalq hüquq normalarına həm də məsələnin mənəvi tərəfinə görə haqlıdır. Reysin açılmasına imkan verilməməlidir. Təəssüf ki, bəzi dövlətlər, beynəlxalq təşkilatlar məsələyə loyal yanaşırlar. ABŞ-ın Azərbaycandakı və Ermənistandakı səfirləri məsələnin razılaşdırmalı olduğunu bildirdilər, həmsədrlər də eyni mövqedən çıxış etdilər. Söhbət ondan gedir ki, Ermənistan addım-addım işğal faktını təsdiqlətdirir və beynəlxalq birliyə qəbul etdirir”. A.Nağının sözlərinə görə, işğal olunmuş Azərbaycan torpaqlarında tikilən aeroport Xankəndində yaşayanlar üçün o qədər də əhəmiyyətli məsələ deyil: “Bunu məhz o məqsədlə həyata keçirirlər ki, müstəqil olduqlarını göstərsinlər. Bu, müstəqillik atributu kimi məsələdir, bununla Ermənistan dünyaya nümayiş etdirməmk istəyir ki, müstəqil subyekt kimi aeroportda təyyarələri qəbul edib yola salır. Azərbaycan məsələyə bu mövqedən yanaşmalıdır. Ermənistanın belə bir təbliğat formasından istifadə etməsinə imkan verməməlidir. Beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir. Ona görə də, Xankəndindən qalxan birinci təyyarəni Azərbaycan vurmalıdır. Vurmasa, sonra onun əhəmiyyəti olmayacaq, sonrakı təyyarələri heç vura da bilməyəcək. Sərkisyan terrorçudur, terrorçunu da təyyarədə məhv etmək lazımdır. Azərbaycan bu imkanı əldən buraxmamalıdır”.
Aviasiya Administrasiyasının (ADMAA) direktoru Arif Məmmədov açıqlamasında Azərbaycanın xəbərdarlığına məhəl qoymadan Xankəndi aeroportuna uçuş edən təyyarələrə qarşı fiziki məhvetmə tədbirlərinin görüləcəyini bəyan etmişdi. Onun sözlərinə görə, Azərbaycan Ermənistan tərəfinin Dağlıq Qarabağda - Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində tikdiyi aeroporta enməyə hazırlaşan təyyarələri məhv edə bilər: “Aviasiya haqqında" qanuna əsasən, hətta ora yönələn təyyarələrin fiziki məhvi də mümkündür"./Yeni Musavat/

В этом разделе