
Ekspertlər ermənilərin daha bir özbaşınalığına sərt cavabın tərəfdarıdır
Ermənistan prezidenti Serj Sərkisyan Xankəndidə açılacaq aeroportun birinci reysinin ilk sərnişini olacağı barədə həyasız bəyanatına rəsmi Bakı hələ ki, reaksiya verməyib. Xatırladaq ki, Ermənistan prezidenti bildirib ki, “Qarabağ xalqı” hava nəqliyyatından istifadə etmək hüququna malikdir: “Tarixdə belə təhdidlər çox olub, lakin belə bəyanatlarla dövlətlər yox, adətən terror təşkilatları çıxış edirdi. Belə bəyanatlara yalnız xəstə insanlar bacarıqlıdırlar”.
Qeyd  edək ki, Azərbaycanın işğal altında olan ərazilərində inşa olunan  aeroportun açılışı mayın 9-na planlaşdırılır. Rəsmi Bakı bəyan edib ki,  Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin işğal altında olan  əraziləri üzərində hava sahəsi uçuşlar üçün qapalı zona sayılır.  Azərbaycan bununla bağlı öz mövqeyini artıq Beynəlxalq Mülki Aviasiya  Təşkilatına çatdırıb. Ermənilərin Xankəndində qanunsuz aeroport  tikmələri və işğal olunmuş ərazilərə qanunsuz uçuşlar təşkil etmələrinin  qarşısını almaq üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatına ünvanlanan  müraciət xəbərdarlıq xarakteri daşıyır. Beynəlxalq Mülki Aviasiya  Təşkilatı Azərbaycanın Xankəndi aeroportu ilə bağlı narahatlığını və  xəbərdarlığını artıq İrəvana çatdırıb. Bu xərdarlığa Ermənistan tərəfdən  hər hansı rəsmi cavab verilməyib.
Aviasiya üzrə ekspertlər isə hesab  edirlər ki, işğal olunmuş ərazilərdə uçuş edən bütün hərbi və mülki  uçuş aparatları “düşmən” hesab olunur. Milli və beynəlxalq qanunlar  Azərbaycana beynəlxalq səviyyədə tanınmış ərazilərində hava sahəsinin  pozulmasına qarşı müvafiq tədbirlər görmək imkanı verir. Xankəndindən  havaya qalxan təyyarələr hətta yüksəklik həddini yığana qədər məhv edilə  bilər. 
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə  bildirdi ki, Azərbaycan Xankəndindən havaya qalxan ilk təyyarəni mütləq  vurmalıdır: “Azərbaycan bu məsələdə həm beynəlxalq hüquq normalarına həm  də məsələnin mənəvi tərəfinə görə haqlıdır. Reysin açılmasına imkan  verilməməlidir. Təəssüf ki, bəzi dövlətlər, beynəlxalq təşkilatlar  məsələyə loyal yanaşırlar. ABŞ-ın Azərbaycandakı və Ermənistandakı  səfirləri məsələnin razılaşdırmalı olduğunu bildirdilər, həmsədrlər də  eyni mövqedən çıxış etdilər. Söhbət ondan gedir ki, Ermənistan  addım-addım işğal faktını təsdiqlətdirir və beynəlxalq birliyə qəbul  etdirir”. A.Nağının sözlərinə görə, işğal olunmuş Azərbaycan  torpaqlarında tikilən aeroport Xankəndində yaşayanlar üçün o qədər də  əhəmiyyətli məsələ deyil: “Bunu məhz o məqsədlə həyata keçirirlər ki,  müstəqil olduqlarını göstərsinlər. Bu, müstəqillik atributu kimi  məsələdir, bununla Ermənistan dünyaya nümayiş etdirməmk istəyir ki,  müstəqil subyekt kimi aeroportda təyyarələri qəbul edib yola salır.  Azərbaycan məsələyə bu mövqedən yanaşmalıdır. Ermənistanın belə bir  təbliğat formasından istifadə etməsinə imkan verməməlidir. Beynəlxalq  hüquq da Azərbaycanın tərəfindədir. Ona görə də, Xankəndindən qalxan  birinci təyyarəni Azərbaycan vurmalıdır. Vurmasa, sonra onun əhəmiyyəti  olmayacaq, sonrakı təyyarələri heç vura da bilməyəcək. Sərkisyan  terrorçudur, terrorçunu da təyyarədə məhv etmək lazımdır. Azərbaycan bu  imkanı əldən buraxmamalıdır”.
Aviasiya Administrasiyasının (ADMAA)  direktoru Arif Məmmədov açıqlamasında Azərbaycanın xəbərdarlığına məhəl  qoymadan Xankəndi aeroportuna uçuş edən təyyarələrə qarşı fiziki  məhvetmə tədbirlərinin görüləcəyini bəyan etmişdi. Onun sözlərinə görə,  Azərbaycan Ermənistan tərəfinin Dağlıq Qarabağda - Azərbaycanın işğal  olunmuş Xankəndi şəhərində tikdiyi aeroporta enməyə hazırlaşan  təyyarələri məhv edə bilər: “Aviasiya haqqında" qanuna əsasən, hətta ora  yönələn təyyarələrin fiziki məhvi də mümkündür"./Yeni Musavat/