"Ramin Bayramova oruc tutmaq üçün şərait yaradılmır"
Avqustun 11-də MTN əməkdaşları tərəfindən saxlanılmış islamazeri.az internet qəzetinin redaktoru Ramin Bayramovun səhhətində problemlər var. Bu barədə qəzetimizə R.Bayramovun vəkili Elçin Namazov məlumat verib. Vəkilin sözlərinə görə, hazırda MTN təcridxanasında saxlanılan R.Bayramov oruc tutması, ibadət etməsi üçün şərait yaradılmır-"Yeni Müsavat" xəbər verir.
Belə ki, sabah sahur və sübh  namazının vaxtını bilmək üçün Bayramova saat lazım olsa da təcridxana  rəhbərliyi ona saat verməkdən imtina edib: “Hətta müstəntiq də xahiş  edib, amma təcridxana rəhbərliyi icazə vermir. Saatın olmamasına görə  Ramin Bayramov səhər yemək yemir, buna görə də qan təzyiqi düşüb.  Başgicəllənməsi var”. 
Vəkil onu da qeyd etdi ki, iş üzrə  aidiyyətliliyin pozulmasına görə müdafiə etdiyi şəxs istintaq  hərəkətlərindən, dindirilmədən imtina edib: “Biz hesab edirik ki, bu iş  polis tərəfindən aparılmalıdır. Bununla bağlı vəsatət vermişik. Baş  Prokurorluqla danışıqlar aparmaq istəyirəm ki, iş DİN-ə verilsin.  Faktiki olaraq bu işi Abşeron Rayon Polis İdarəsi aparmalıdır”. 
Elçin  Namazov bildirdi ki, R.Bayramov barəsində həbs-qətimkan tədbirinin ləğv  olunması tələbi ilə apelyasiya şikayəti verib. Eyni zamanda o,  R.Bayramovun azad olunması üçün beynəlxalq təşkilatlara, jurnalist  qurumlarına müraciət hazırladığını dedi.














