Məscid imamı bəzi məqamların yanlış anlaşıldığını deyir
WikiLeaks saytı 2008-ci ilin avqustunda Bakıda “Əbu Bəkr” məscidində törədilmiş partlayış və məscidin bağlanması ilə bağlı yazışmaları yayıb. Qəzetimizin ötən sayında yayınlanmış materialda ABŞ diplomatlarının Bakıda məscidin imamı Qamət Süleymanovla görüşü zamanı sonuncunun söylədiyi bəzi maraq doğuran məqamlar yer alıb.
Məsələn,  sənədlərdən belə aydın olur ki, Q.Süleymanov 2008-ci il avqustun 17-də  “Əbu Bəkr” məscidinin partladılması ilə bağlı 3 versiya irəli sürüb.  Q.Süleymanovun 1-ci versiyası hüquq-mühafizə orqanlarının irəli sürdüyü  rəsmi versiyasıdır. 2-ci versiyaya görə, hadisə xüsusi xidmət  orqanlarının işi ola bilər. 3-cü versiya isə məscidə hücum edənlərin  Q.Süleymanovun hakimiyyətə qarşı daha radikal mövqe tutmamasından narazı  olan dindarların olduğu barədədir. 
Hücumun hakimiyyətin işi ola  biləcəyinə dair versiyanın xeyrinə olan arqumentlər kimi Süleymanov  məscid icması üzvlərinin davamlı olaraq təzyiq altında olmasını  göstərib. “Ona görə də bu, hakimiyyətin işidirsə, hansı müəyyən insident  hücumu tezləşdirə bilərdi?”- deyə Süleymanov bildirir.
Eyni zamanda  yazılardan aydın olur ki, ABŞ səfirliyinin əməkdaşları “Əbu Bəkr”  məscidinin dini icması ilə mütəmadi təmasda olub. Məsələn, məxfi  teleqramlardan birində qeyd olunur ki, ABŞ səfiri Enn Dersi “Əbu Bəkr”  məscidinin bağlanmasından sonra orada namaz qılanların bir hissəsi ilə  “Ləzgi məscidi”ində görüşüb. Teleqramda göstərilir ki, görüşə gələnlərə  “Ramin qardaş” kimi tanınan qeyri-formal lider rəhbərlik edib: “Bu da  aydın idi ki, Ramin ABŞ səfirliyinin əməkdaşları ilə görüşməzdən əvvəl  Qamət Süleymanovla məsləhətləşib. Çünki Ramin söhbətə Q.Süleymanovun  bundan əvvəl məlum olan fikirlərini təkrarlamaqla başladı, bildirdi ki,  onlar İlham Əliyevi ”yaxşı lider" hesab edirlər və “Əbu Bəkr” məscidi  hakimiyyəti dəstəkləyir". 
Qısa özətini qeyd etdiyimiz materialdakı  bir sıra sual doğuran məqamlar olduğundan dünən “Əbu Bəkr” məscidinin  imamı, Hacı Qamət Süleymanova telefon açdıq. Q.Süleymanov qəzetdəki  materialla tanış olmasa da, ümumi olaraq qeyd olunan fikirlərin ona  məxsus olduğunu təsdiqlədi. Ancaq bildirdi ki, məscidin partladılması  ilə bağlı versiyaları arasında qeyd etdiyi xüsusi xidmət orqanları  dedikdə Azərbaycan təhlükəsizlik orqanlarını deyil, Rusiya kəşfiyyatını  nəzərdə tutub: “Mən xüsusi xidmətlər dedikdə, Rusiya kəşfiyyatını  nəzərdə tutmuşdum. Qaldı digər iki versiyaya, əslində bunların ikisi də  bir versiyadır. Çünki əslində o terror əməliyyatını Dağıstanda fəaliyyət  göstərən ”Cihad camaatı" həyata keçirib". Q.Süleymanov ABŞ səfirliyinin  əməkdaşları ilə mütəmadi görüşlərinin olmadığını, yalnız bəzi  vaxtlarda, xüsusən də Amerikadan gələn qonaqlar məscidə gətiriləndə  təmasa girdiyini söylədi: “Elə çoxlu sayda görüşlərimiz olmayıb. Yalnız  bir-iki dəfə Amerikadan nümayəndə gəlib məscidə, baş verən hadisələrlə  maraqlanıblar və yaxud da jurnalistlər gələndə onları məscidə gətiriblər  görüşmüşük. Ancaq mən səfirliyə gedib hansısa görüş keçirməmişəm”. 
Teleqramda  qeyd olunan “Ləzgi” məscidində keçirilən görüş haqda isə Hacı Qamət  məlumatsız olduğunu dedi: “Ola bilər ki, camaat içərisindən kimsə  görüşsün. Ancaq mənim bu barədə məlumatım olmayıb”. /Yeni Müsavat/














