Azərbaycan və MDB » Qamət Süleymanov Wikileaks-in yazdıqlarını təsdiqlədi

Məscid imamı bəzi məqamların yanlış anlaşıldığını deyir

WikiLeaks saytı 2008-ci ilin avqustunda Bakıda “Əbu Bəkr” məscidində törədilmiş partlayış və məscidin bağlanması ilə bağlı yazışmaları yayıb. Qəzetimizin ötən sayında yayınlanmış materialda ABŞ diplomatlarının Bakıda məscidin imamı Qamət Süleymanovla görüşü zamanı sonuncunun söylədiyi bəzi maraq doğuran məqamlar yer alıb.

Məsələn, sənədlərdən belə aydın olur ki, Q.Süleymanov 2008-ci il avqustun 17-də “Əbu Bəkr” məscidinin partladılması ilə bağlı 3 versiya irəli sürüb. Q.Süleymanovun 1-ci versiyası hüquq-mühafizə orqanlarının irəli sürdüyü rəsmi versiyasıdır. 2-ci versiyaya görə, hadisə xüsusi xidmət orqanlarının işi ola bilər. 3-cü versiya isə məscidə hücum edənlərin Q.Süleymanovun hakimiyyətə qarşı daha radikal mövqe tutmamasından narazı olan dindarların olduğu barədədir.
Hücumun hakimiyyətin işi ola biləcəyinə dair versiyanın xeyrinə olan arqumentlər kimi Süleymanov məscid icması üzvlərinin davamlı olaraq təzyiq altında olmasını göstərib. “Ona görə də bu, hakimiyyətin işidirsə, hansı müəyyən insident hücumu tezləşdirə bilərdi?”- deyə Süleymanov bildirir.
Eyni zamanda yazılardan aydın olur ki, ABŞ səfirliyinin əməkdaşları “Əbu Bəkr” məscidinin dini icması ilə mütəmadi təmasda olub. Məsələn, məxfi teleqramlardan birində qeyd olunur ki, ABŞ səfiri Enn Dersi “Əbu Bəkr” məscidinin bağlanmasından sonra orada namaz qılanların bir hissəsi ilə “Ləzgi məscidi”ində görüşüb. Teleqramda göstərilir ki, görüşə gələnlərə “Ramin qardaş” kimi tanınan qeyri-formal lider rəhbərlik edib: “Bu da aydın idi ki, Ramin ABŞ səfirliyinin əməkdaşları ilə görüşməzdən əvvəl Qamət Süleymanovla məsləhətləşib. Çünki Ramin söhbətə Q.Süleymanovun bundan əvvəl məlum olan fikirlərini təkrarlamaqla başladı, bildirdi ki, onlar İlham Əliyevi ”yaxşı lider" hesab edirlər və “Əbu Bəkr” məscidi hakimiyyəti dəstəkləyir".
Qısa özətini qeyd etdiyimiz materialdakı bir sıra sual doğuran məqamlar olduğundan dünən “Əbu Bəkr” məscidinin imamı, Hacı Qamət Süleymanova telefon açdıq. Q.Süleymanov qəzetdəki materialla tanış olmasa da, ümumi olaraq qeyd olunan fikirlərin ona məxsus olduğunu təsdiqlədi. Ancaq bildirdi ki, məscidin partladılması ilə bağlı versiyaları arasında qeyd etdiyi xüsusi xidmət orqanları dedikdə Azərbaycan təhlükəsizlik orqanlarını deyil, Rusiya kəşfiyyatını nəzərdə tutub: “Mən xüsusi xidmətlər dedikdə, Rusiya kəşfiyyatını nəzərdə tutmuşdum. Qaldı digər iki versiyaya, əslində bunların ikisi də bir versiyadır. Çünki əslində o terror əməliyyatını Dağıstanda fəaliyyət göstərən ”Cihad camaatı" həyata keçirib". Q.Süleymanov ABŞ səfirliyinin əməkdaşları ilə mütəmadi görüşlərinin olmadığını, yalnız bəzi vaxtlarda, xüsusən də Amerikadan gələn qonaqlar məscidə gətiriləndə təmasa girdiyini söylədi: “Elə çoxlu sayda görüşlərimiz olmayıb. Yalnız bir-iki dəfə Amerikadan nümayəndə gəlib məscidə, baş verən hadisələrlə maraqlanıblar və yaxud da jurnalistlər gələndə onları məscidə gətiriblər görüşmüşük. Ancaq mən səfirliyə gedib hansısa görüş keçirməmişəm”.
Teleqramda qeyd olunan “Ləzgi” məscidində keçirilən görüş haqda isə Hacı Qamət məlumatsız olduğunu dedi: “Ola bilər ki, camaat içərisindən kimsə görüşsün. Ancaq mənim bu barədə məlumatım olmayıb”. /Yeni Müsavat/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!