Mən sizi əmin edirəm ki, Misirdə olanlar Azərbaycanda olmayacaq- İlham Əliyev

“Sizi əmin edirəm ki, nəyisə arzu edib-etməməyinizdən asılı olmayaraq bunu görməyəcəksiniz”

Azərbaycan prezidenti İlham Əliyev Münhendə təxribat xarakterli sualla qarşılaşıb. Dövlət başçısının Münxen Təhlükəsizlik Konfransının əsas tədbirlərindən olan “Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri” mövzusunda müzakirələrdəki çıxışından sonra iştirakçılardan biri Azərbaycanı Hüsnü Mübarəkin dövründəki Mismirlə müqayisə edib. O, “Alyans”ın sədri Maykl Dikmana sual verib: “Mən hiss edirəm ki, bizim sərmayə yatıra biləcəyimiz ölkələrdə siyasi vəziyyət və coğrafi dəhlizlə bağlı bir az çox danışırıq. Buna görə də, mən sualımı birbaşa cənab Dikmana ünvanlamaq istəyirəm. Çünki gələcək biznes risklərini müəyyən etmək və onun üzərində işləmək sizin səlahiyyətiniz çərçivəsindədir. Mən sizdən soruşmaq istərdim ki, bir il əvvəl Misir və Tunisdə baş verən iğtişaşların şahidi olduq. Sizin bu bir il ərzində enerji ilə zəngin ölkələrdə siyasi vəziyyətlə bağlı risklərin qiymətləndirilməsindəki fəaliyyətinizdə dəyişiklik varmı? Misir kimi ölkələrin təcrübəsindən misal gətirərək, - burada Azərbaycan Prezidenti də iştirak edir, - öz siyasi strukturuna görə Mübarəkin devrilməsindən əvvəlki Misirə çox bənzəyən Azərbaycan kimi ölkəyə sərmayə yatıracaqsınızmı?”.

Azərbaycan prezidenti Azərbaycandakı vəziyyəti Misirdəki vəziyyət kimi təqdim etməyə cəhd olunan sualı şərh edib: “Düşünürəm ki, bu qəribə suala ən yaxşı cavab iştirakçıların reaksiyası oldu. Mən bayaqkı şəxsin savadından irəli gələrək bilmədiyi bir neçə göstəricini diqqətə çatdırmaq istəyirəm. Mənim 8 illik prezidentlik dövrümdə Azərbaycanda ümumi daxili məhsul 3 dəfə - 300 faiz artıb. Yoxsulluğun səviyyəsi 50 faizdən 7,6 faizə enib. İnflyasiyanın səviyyəsi 5,4 faiz təşkil edir. Son 8 il ərzində 1 milyondan artıq iş yeri yaradılıb. Xarici borc bizim ümumi daxili məhsulumuzun 6 faizini təşkil edir. İqtisadiyyatın şaxələnməsi sabitdir. Siyasi vəziyyət sabitdir. Bizim çoxpartiyalı sistemimiz var. Bizim parlamentdə təmsil olunan 10-dan çox partiyamız var. Bizim azad mətbuatımız var. Bizdə söz azadlığı var. Bizdə din azadlığı var. Nəhayət, bizdə azad internet var. Qeyd etmək istərdim ki, bizim regionda heç də bütün ölkələrdə azad internet yoxdur. Azərbaycanda internet istifadəçilərinin sayı 50 faizdən artıqdır və bu rəqəm artmaqdadır”.

Dövlət başçısı Azərbaycanda Misir ssenarisi arzulayanlara sərt cavab verib: “Azərbaycanda müasir, sabit cəmiyyət var. Kimsə Azərbaycanda Misirdə baş verən hadisələr kimi nə isə görmək istəyirsə, sizi əmin edirəm ki, nəyisə arzu edib-etməməyinizdən asılı olmayaraq bunu görməyəcəksiniz”. /anspress/

В этом разделе