
“Sizi əmin edirəm ki, nəyisə arzu edib-etməməyinizdən asılı olmayaraq bunu görməyəcəksiniz”
Azərbaycan prezidenti İlham Əliyev Münhendə təxribat xarakterli sualla  qarşılaşıb. Dövlət başçısının Münxen Təhlükəsizlik Konfransının əsas  tədbirlərindən olan “Enerji, ehtiyatlar və ətraf mühit: yeni  təhlükəsizlik parametrləri” mövzusunda müzakirələrdəki çıxışından sonra  iştirakçılardan biri Azərbaycanı Hüsnü Mübarəkin dövründəki Mismirlə  müqayisə edib. O, “Alyans”ın sədri Maykl Dikmana sual verib: “Mən hiss  edirəm ki, bizim sərmayə yatıra biləcəyimiz ölkələrdə siyasi vəziyyət və  coğrafi dəhlizlə bağlı bir az çox danışırıq. Buna görə də, mən sualımı  birbaşa cənab Dikmana ünvanlamaq istəyirəm. Çünki gələcək biznes  risklərini müəyyən etmək və onun üzərində işləmək sizin səlahiyyətiniz  çərçivəsindədir. Mən sizdən soruşmaq istərdim ki, bir il əvvəl Misir və  Tunisdə baş verən iğtişaşların şahidi olduq. Sizin bu bir il ərzində  enerji ilə zəngin ölkələrdə siyasi vəziyyətlə bağlı risklərin  qiymətləndirilməsindəki fəaliyyətinizdə dəyişiklik varmı? Misir kimi  ölkələrin təcrübəsindən misal gətirərək, - burada Azərbaycan Prezidenti  də iştirak edir, - öz siyasi strukturuna görə Mübarəkin devrilməsindən  əvvəlki Misirə çox bənzəyən Azərbaycan kimi ölkəyə sərmayə  yatıracaqsınızmı?”.
 
 Azərbaycan prezidenti Azərbaycandakı vəziyyəti Misirdəki vəziyyət kimi  təqdim etməyə cəhd olunan sualı şərh edib: “Düşünürəm ki, bu qəribə  suala ən yaxşı cavab iştirakçıların reaksiyası oldu. Mən bayaqkı şəxsin  savadından irəli gələrək bilmədiyi bir neçə göstəricini diqqətə  çatdırmaq istəyirəm. Mənim 8 illik prezidentlik dövrümdə Azərbaycanda  ümumi daxili məhsul 3 dəfə - 300 faiz artıb. Yoxsulluğun səviyyəsi 50  faizdən 7,6 faizə enib. İnflyasiyanın səviyyəsi 5,4 faiz təşkil edir.  Son 8 il ərzində 1 milyondan artıq iş yeri yaradılıb. Xarici borc bizim  ümumi daxili məhsulumuzun 6 faizini təşkil edir. İqtisadiyyatın  şaxələnməsi sabitdir. Siyasi vəziyyət sabitdir. Bizim çoxpartiyalı  sistemimiz var. Bizim parlamentdə təmsil olunan 10-dan çox partiyamız  var. Bizim azad mətbuatımız var. Bizdə söz azadlığı var. Bizdə din  azadlığı var. Nəhayət, bizdə azad internet var. Qeyd etmək istərdim ki,  bizim regionda heç də bütün ölkələrdə azad internet yoxdur. Azərbaycanda  internet istifadəçilərinin sayı 50 faizdən artıqdır və bu rəqəm  artmaqdadır”.
 
 Dövlət başçısı Azərbaycanda Misir ssenarisi arzulayanlara sərt cavab  verib: “Azərbaycanda müasir, sabit cəmiyyət var. Kimsə Azərbaycanda  Misirdə baş verən hadisələr kimi nə isə görmək istəyirsə, sizi əmin  edirəm ki, nəyisə arzu edib-etməməyinizdən asılı olmayaraq bunu  görməyəcəksiniz”. /anspress/