Görüşdə ikitərəfli münasibətlər müzakirə olunub
Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov İranda keçirilən Qoşulmama Hərəkatının Zirvə toplantısında iştirakı çərçivəsində İranın Islam Şurası Məclisinin sədri Əli Laricani ilə cümə axşamı görüşüb.
Trend-in XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı münasibətlər, əməkdaşlıq perspektivləri müzakirə edilmişdir. Azərbaycanın sürətlə inkişaf etdiyini qeyd edən Əli Laricani, ölkəmizin güclü dövlətə çevrildiyini vurğulamışdır. Laricani İranın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu söyləmiş, ölkəmizin ərazi bütovlüyünü və müstəqilliyini dəstəklədiyini bildirmişdir.
Nazir Elmar Məmmədyarov İran Parlamentinin sədrinə Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesinə dair son durum haqqında məlumat vermiş və münaqişənin həlli üçün Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasının zəruriliyini vurğulayıb.
Azərbaycan üçün ən mühüm məsələnin torpaqlarımızın işğal olması məsələsi olduğu iranlı rəsminin diqqətinə çatdırılmışdır. Həmçinin Nazir E.Məmmədyarov Azərbaycanın gec-tez öz ərazi bütövlüyünü bərpa edəcəyini vurğulayıb.
Görüşdə Elmar Məmmədyarov iki Azərbaycan vətəndaşı olan Şəhriyar Hacızadə və Fərid Hüseynovun həbs məsələsini qaldırmışdır. Nazir Azərbaycan şairlərinin həbsi məsələsinin dövlətimiz və xalqımız üçün böyük narahatçılıq doğurduğunu qeyd edərək, bu məsələnin tezliklə öz həllini tapacağına ümidvar olduğunu söyləyib.