
Görüşdə ikitərəfli münasibətlər müzakirə olunub
Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov İranda keçirilən Qoşulmama Hərəkatının Zirvə toplantısında iştirakı çərçivəsində İranın Islam Şurası Məclisinin sədri Əli Laricani ilə cümə axşamı görüşüb.
Trend-in  XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı iki ölkə  arasındakı münasibətlər, əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.  Azərbaycanın sürətlə inkişaf etdiyini qeyd edən Əli Laricani, ölkəmizin  güclü dövlətə çevrildiyini vurğulamışdır. Laricani İranın Azərbaycanla  əməkdaşlıqda maraqlı olduğunu söyləmiş, ölkəmizin ərazi bütovlüyünü və  müstəqilliyini dəstəklədiyini bildirmişdir.
Nazir Elmar  Məmmədyarov İran Parlamentinin sədrinə Ermənistan-Azərbaycan  münaqişəsinin tənzimlənməsi prosesinə dair son durum haqqında məlumat  vermiş və münaqişənin həlli üçün Ermənistanın işğalçı qüvvələrinin  Azərbaycan torpaqlarından çıxarılmasının zəruriliyini vurğulayıb.
Azərbaycan  üçün ən mühüm məsələnin torpaqlarımızın işğal olması məsələsi olduğu  iranlı rəsminin diqqətinə çatdırılmışdır. Həmçinin Nazir E.Məmmədyarov  Azərbaycanın gec-tez öz ərazi bütövlüyünü bərpa edəcəyini vurğulayıb.
Görüşdə  Elmar Məmmədyarov iki Azərbaycan vətəndaşı olan Şəhriyar Hacızadə və  Fərid Hüseynovun həbs məsələsini qaldırmışdır. Nazir Azərbaycan  şairlərinin həbsi məsələsinin dövlətimiz və xalqımız üçün böyük  narahatçılıq doğurduğunu qeyd edərək, bu məsələnin tezliklə öz həllini  tapacağına ümidvar olduğunu söyləyib.