İranla Azərbaycan arasında başlayan qarşıdurmanın nəticəsi olaraq artıq İran tərəfi müəyyən addımlar atmağa başlayıb
"İslamazeri"-nin "Azpolitika"-ya istinadən verdiyi xəbərə görə, dünəndən başlayaraq Culfa gömrüyündə İrana avtomobillərin keçməsinə qadağa qoyulub.
Sayt yazır ki, bu Naxçıvanın blokadasının ağırlaşdırılması istiqamətində atılmış addımdır. Xəbərdə bildirilir ki, dünən günorta saatlarından başlayaraq, İran gömrükçüləri bir neçə sərnişin avtobusu istisna olmaqla, Culfa gömrüyündən İran ərazisinə avtomobillərin girişini heç bir izahat vermədən dayandırıblar.
ANSpressin yaydığı məlumatda belə bir halın Biləsuvar sərhəd keçid məntəqəsində də müşahidə olunduğu qeyd edilir. Belə ki, Naxçıvana gedən yük və bəzi minik avtomobilləri İran sərhədindən Naxçıvan istiqamətinə buraxılmır. Bu barədə sərhəddə gözləyən sürücülər məlumat veriblər. Səbəbini bilməsələr də sürücülər deyir ki, artıq İran tərəfi yüklərin və avtomobillərin beş günlük müvəqqəti sığorta qiymətlərini də artırıb. Naxçıvan MR-ə gedən sərnişin avtobusları sərhədi asanlıqla keçsələr də hələ ki, qarşı tərəfə keçən minik və yük avtomobilləri İran tərəfində saxlanılır.
Buna görə də, sərhədi keçməyən sürücülərin bir qismi hələlik, Biləsuvar sərhəd buraxılış məntəqəsinin dayanacaqlarında gözləməyə üstünlük verirlər.