
İranla Azərbaycan arasında başlayan qarşıdurmanın nəticəsi olaraq artıq İran tərəfi müəyyən addımlar atmağa başlayıb
"İslamazeri"-nin  "Azpolitika"-ya istinadən verdiyi xəbərə görə,  dünəndən başlayaraq Culfa gömrüyündə İrana avtomobillərin keçməsinə  qadağa qoyulub. 
Sayt yazır ki, bu Naxçıvanın blokadasının  ağırlaşdırılması istiqamətində atılmış addımdır. Xəbərdə bildirilir ki,  dünən günorta saatlarından başlayaraq, İran gömrükçüləri bir neçə  sərnişin avtobusu istisna olmaqla, Culfa gömrüyündən İran ərazisinə  avtomobillərin girişini heç bir izahat vermədən dayandırıblar. 
ANSpressin  yaydığı məlumatda belə bir halın Biləsuvar sərhəd keçid məntəqəsində də  müşahidə olunduğu qeyd edilir. Belə ki, Naxçıvana gedən yük və bəzi  minik avtomobilləri İran sərhədindən Naxçıvan istiqamətinə buraxılmır.  Bu barədə sərhəddə gözləyən sürücülər məlumat veriblər. Səbəbini  bilməsələr də sürücülər deyir ki, artıq İran tərəfi yüklərin və  avtomobillərin beş günlük müvəqqəti sığorta qiymətlərini də artırıb.  Naxçıvan MR-ə gedən sərnişin avtobusları sərhədi asanlıqla keçsələr də  hələ ki, qarşı tərəfə keçən minik və yük avtomobilləri İran tərəfində  saxlanılır. 
Buna görə də, sərhədi keçməyən sürücülərin bir qismi  hələlik, Biləsuvar sərhəd buraxılış məntəqəsinin dayanacaqlarında  gözləməyə üstünlük verirlər.