“Münaqişə danışıqlar yolu ilə həll edilməsə, məcburən hərbi yola əl atacağıq”
“Vətən, torpaq uğrunda vuruşmuş, canından keçmiş övladlarımızın xatirəsi daim bizim ürəyimizdədir. Qarabağ böyük yaramızdır. Əminəm ki, ərazi bütövlüyümüz bərpa olunacaq, bütün məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar, haqq-ədalət zəfər çalacaq”. Prezident İlham Əliyev bunu Qəbələyə səfəri çərçivəsində bəyaen edib. Onun sözlərinə görə, haqq-ədalət Azərbaycanın tərəfindədir: “Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, Azərbaycan torpağı kimi qalır və qalacaq. Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edir, tanıyır. Dünya birliyi isə bizim tərəfimizdədir və Azərbaycana beynəlxalq arenada, beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də göstərilən dəstək, eyni zamanda, bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətimizə və mövqeyimizə verilən dəstəkdir. Biz bunu belə qəbul edirik. Çünki bizim üçün Qarabağdan artıq, ondan vacib həllini gözləyən məsələ yoxdur. Bu tarixi ədalət istənilən yolla bərpa olunmalıdır və olunacaq”.
Dövlət başçısının çıxışı kəskin bəyanat da verib: “Danışıqlar yolu ilə həll edilməsə, biz məcbur olub, hərbi yola əl atacağıq. Bu, bizim suveren hüququmuzdur. Heç kim bu hüququ əlimizdən ala bilməz. Beynəlxalq qaydalar da, beynəlxalq hüquq normaları da bu hüququ bizə tanıyır və istənilən anda Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa edə bilər. Sadəcə olaraq, biz istəyirik ki, bunu danışıqlar yolu ilə, sülh yolu ilə həll edək. Belə imkanlar hələ tükənməyib və gündən-günə güclənən Azərbaycan o tarixi günü yaxınlaşdırır. Hər birimiz öz yerində öz işi, əməyi ilə o günü yaxınlaşdırmalıdır. Bu gün Azərbaycanın imkanları böyük dərəcədə genişlənib. Bizim təsir imkanlarımız artıb, ölkə daxilində proseslər müsbət istiqamətdə gedir, xaricdə bizə dəstək hədsiz dərəcədədir”.
“Tarix, hüquq, coğrafi, geosiyasi əhəmiyyət baxımından haqq-ədalət bizim tərəfimizdədir”, - deyən İlham Əliyev bildirib ki, siyasi, iqtisadi və hərbi güc də Azərbaycanın üstünlüyünü təşkil edir: “Belə olan halda torpaqlarımız uzun illər bundan sonra işğal altında qala bilməz. Ermənistanın buna nə haqqı çatır, nə gücü. Nə də demoqrafik vəziyyət onlara gələcəkdə imkan verəcək ki, bu torpaqları əldə saxlasınlar. Biz bütün istiqamətlər üzrə hücum diplomatiyamızı aparacağıq, düşmənə qarşı bütün formalarda mübarizə aparacağıq, onların işğalçı simasını ifşa edəcəyik və ədaləti bərpa edəcəyik. Mən buna inanıram, mən buna şübhə etmirəm. Gün gələcək bizim bayrağımız - 21 il bundan əvvəl ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qaldırılan Xalq Cümhuriyyətinin bayrağı Xankəndidə, Şuşada dalğalanacaq. Mən buna inanıram. Əminəm ki, bütün Azərbaycan xalqı buna inanır və bu inamı reallığa çevirmək üçün biz daha da fəal işləməliyik, siyasətimizi daha da məqsədyönlü şəkildə irəliyə aparmalıyıq”. /ANS PRESS/