
“Münaqişə danışıqlar yolu ilə həll edilməsə, məcburən hərbi yola əl atacağıq”
“Vətən, torpaq uğrunda vuruşmuş, canından keçmiş övladlarımızın xatirəsi  daim bizim ürəyimizdədir. Qarabağ böyük yaramızdır. Əminəm ki, ərazi  bütövlüyümüz bərpa olunacaq, bütün məcburi köçkünlər öz doğma  torpaqlarına qayıdacaqlar, haqq-ədalət zəfər çalacaq”. Prezident İlham  Əliyev bunu Qəbələyə səfəri çərçivəsində bəyaen edib. Onun sözlərinə  görə, haqq-ədalət Azərbaycanın tərəfindədir: “Qarabağ əzəli, tarixi  Azərbaycan torpağıdır, Azərbaycan torpağı kimi qalır və qalacaq. Dünya  birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edir,  tanıyır. Dünya birliyi isə bizim tərəfimizdədir və Azərbaycana  beynəlxalq arenada, beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də göstərilən  dəstək, eyni zamanda, bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı  siyasətimizə və mövqeyimizə verilən dəstəkdir. Biz bunu belə qəbul  edirik. Çünki bizim üçün Qarabağdan artıq, ondan vacib həllini gözləyən  məsələ yoxdur. Bu tarixi ədalət istənilən yolla bərpa olunmalıdır və  olunacaq”. 
 
 Dövlət başçısının çıxışı kəskin bəyanat da verib: “Danışıqlar yolu ilə  həll edilməsə, biz məcbur olub, hərbi yola əl atacağıq. Bu, bizim  suveren hüququmuzdur. Heç kim bu hüququ əlimizdən ala bilməz. Beynəlxalq  qaydalar da, beynəlxalq hüquq normaları da bu hüququ bizə tanıyır və  istənilən anda Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa edə bilər.  Sadəcə olaraq, biz istəyirik ki, bunu danışıqlar yolu ilə, sülh yolu ilə  həll edək. Belə imkanlar hələ tükənməyib və gündən-günə güclənən  Azərbaycan o tarixi günü yaxınlaşdırır. Hər birimiz öz yerində öz işi,  əməyi ilə o günü yaxınlaşdırmalıdır. Bu gün Azərbaycanın imkanları böyük  dərəcədə genişlənib. Bizim təsir imkanlarımız artıb, ölkə daxilində  proseslər müsbət istiqamətdə gedir, xaricdə bizə dəstək hədsiz  dərəcədədir”. 
 
 “Tarix, hüquq, coğrafi, geosiyasi əhəmiyyət baxımından haqq-ədalət bizim  tərəfimizdədir”, - deyən İlham Əliyev bildirib ki, siyasi, iqtisadi və  hərbi güc də Azərbaycanın üstünlüyünü təşkil edir: “Belə olan halda  torpaqlarımız uzun illər bundan sonra işğal altında qala bilməz.  Ermənistanın buna nə haqqı çatır, nə gücü. Nə də demoqrafik vəziyyət  onlara gələcəkdə imkan verəcək ki, bu torpaqları əldə saxlasınlar. Biz  bütün istiqamətlər üzrə hücum diplomatiyamızı aparacağıq, düşmənə qarşı  bütün formalarda mübarizə aparacağıq, onların işğalçı simasını ifşa  edəcəyik və ədaləti bərpa edəcəyik. Mən buna inanıram, mən buna şübhə  etmirəm. Gün gələcək bizim bayrağımız - 21 il bundan əvvəl ulu öndər  Heydər Əliyev tərəfindən Naxçıvanda qaldırılan Xalq Cümhuriyyətinin  bayrağı Xankəndidə, Şuşada dalğalanacaq. Mən buna inanıram. Əminəm ki,  bütün Azərbaycan xalqı buna inanır və bu inamı reallığa çevirmək üçün  biz daha da fəal işləməliyik, siyasətimizi daha da məqsədyönlü şəkildə  irəliyə aparmalıyıq”. /ANS PRESS/