“Keçən il Azərbaycan xarici siyasətdə də böyük uğurlar əldə edib"
"Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bununla da Azərbaycan dünya birliyinin inamını və etimadını qazanıb”.
313news.net-in məlumatına görə, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zaman deyib.
Dövlət başçısı bildirib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində 2011-ci ildə də Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olunmayıb. Müsbət hallara gəlincə, prezident İlham Əliyev üç həmsədr ölkənin dövlət başçılarının status-kvonun qəbuledilməz olması ilə bağlı 2011-ci ildə verdiyi bəyanatı yüksək qiymətləndirib. Bununla belə, münaqişənin həllini sürətləndirmək üçün qəbul edilən qərarların yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan öz hərbi gücünü artırır, 2010-cu ildə hərbi xərclərimiz 3 milyard 413 milyon dollar idisə, 2011-ci ildə bu, 3 milyard 474 milyon dollar təşkil edib.
“Bu gün ordumuz böyük imkanlara malikdir, biz bölgənin ən güclü ordusuna malikik”, - deyən dövlət başçısı qeyd edib ki, Azərbaycanın hərbi imkanları Ermənistanda böyük təşviş yaradır.