
“Keçən il Azərbaycan xarici siyasətdə də böyük uğurlar əldə edib"
"Ölkəmiz BMT Təhlükəsizlik  Şurasının qeyri-daimi üzvü seçilib. Bununla da Azərbaycan dünya  birliyinin inamını və etimadını qazanıb”.
 313news.net-in məlumatına görə, bu  fikirləri Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin  2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə  qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zaman deyib.  
 
 Dövlət başçısı bildirib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi  nəticəsində 2011-ci ildə də Dağlıq Qarabağ münaqişəsinin həllində  irəliləyişə nail olunmayıb. Müsbət hallara gəlincə, prezident İlham  Əliyev üç həmsədr ölkənin dövlət başçılarının status-kvonun qəbuledilməz  olması ilə bağlı 2011-ci ildə verdiyi bəyanatı yüksək qiymətləndirib.  Bununla belə, münaqişənin həllini sürətləndirmək üçün qəbul edilən  qərarların yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
 
 Prezident İlham Əliyev deyib ki, Azərbaycan öz hərbi gücünü artırır,  2010-cu ildə hərbi xərclərimiz 3 milyard 413 milyon dollar idisə,  2011-ci ildə bu, 3 milyard 474 milyon dollar təşkil edib. 
 
 “Bu gün ordumuz böyük imkanlara malikdir, biz bölgənin ən güclü ordusuna  malikik”, - deyən dövlət başçısı qeyd edib ki, Azərbaycanın hərbi  imkanları Ermənistanda böyük təşviş yaradır.