Türkiyənin “Takvim” qəzeti Azərbaycanın komitə sədri ilə bağlı maraqlı yaz dərc edib
Türkiyənin “Takvim” qəzetinin köşə yazarı Emin Pazarçının son yazısı Bakıdakı iki ildir qapalı olan Şəhidlər camesi haqdadır. Məscid ətrafında baş verənləri hekayə adlandıran yazar qeyd edir ki, bu ibadət ocağı ilə bağlı Türkiyə hökuməti ilə rəsmi Bakı arasında danışıqlar davam etsə də, sonuc alınmır.
“Came Azərbaycan torpaqlarının müdafiəsində şəhid olan 1130 türkün xatirəsinə inşa edilib. Şəhidlər Xiyabanının yanında və Azərbaycan Milli Məclisinin qarşısında yerləşir. 1996-cı ildə tikintisi başa çatıb. 1990-cı illərin sonunda Süleyman Dəmirəl camedə namaz qıldı. Məscid iki ölkə arasında dostluğun simvolu idi. Ortada heç bir problem yox idi. Bu came, 2000-ci illərdə bir problemə çevrildi. Azərilər cami ilə bağlı müxtəlif bəhanələr irəli sürməyə başladılar. Türklərin tikdiyi bu iki minarəli məscidin qapadılması üçün çox çalışdılar. Nəhayət, 2008-ci ildə məscidin qapısına kilid vuruldu. Əgər Türkiyə hökuməti qarışmasaydı məscidi tamamən uçurub yerini meydan edəcəkdilər”.
Ötən həftə Bakıda olduqlarını yazan müəllif şəhəri gəzərkən Şəhidlər Xiyabanını ziyarət etdiklərini və məscidinə də getdiyini, ancaq Şəhidlər məscidin qapısının hələ də bağlı qaldığını, şahidi olduğunu yazır. Belə ki, ərazidə olan azərbaycanlı məmurlar ibadət evinin bağlı olduğu, və buna səbəb kimi, ətrafa çoxlu sayda insanların toplaşdığını və təhlükəsizlik problemi yaratdığını deyiblər. Yazar qeyd edir ki, Azərbaycan hakimiyyəti məhz nəqliyyatın vəziyyətini bəhanə edib.
Bunun ardınca müəllif iki ölkə arasında qalmaqal hesab olunacaq bir hadisədən yazır: “Azərbaycan və Türkiyə hökuməti nümayəndələri məscidlə bağlı dəfələrlə bir araya gəliblər. Çoxlu sayda görüşlər oldu, ancaq heç cür razılıq əldə etmək mümkün olmadı. Ancaq son görüşlərin birində Azərbaycan din işləri naziri (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzərdə tutulur-K.) Türkiyənin Bakıdakı səfiri Hulusi Kılıça qəribə bir təklif verdi: ”Nədənsə insanlar hər cümə günləri camenin ətrafına toplanırlar. Birlikdə çalışıb cümə günləri toparlanan bu insanları həftənin digər günlərinə bölüb buranı bir qədər rahatlaya bilərikmi?" Səfirimiz də İslamın və Cümə namazının nə olduğunu bilməyən Azərbaycanın din işlərindən cavabdeh nazirinə bunun mümkünsüz olduğunu anlatmağa çalışdı. Ardınca da bu görüş haqda baş nazir Ərdoğanı məlumatlandırdı. Ərdoğan isə din işlərindən cavabdeh olan, ancaq ən bəsit dini bilgilərdən xəbərsiz olan azəri nazirin bu mövqeyinə xeyli qəzəbləndi. Bunun ardınca Türkiyə “səmimiyyət” testi üçün hərəkətə keçdi. Azərbaycana “bəli” deyildi. Diyanət işləri nazirliyinin tikəcəyi yeni və daha böyük bir came üçün rəsmi müraciət olundu və Azərbaycan hökumətindən müvafiq yer ayırması istənildi. İndi top Azərbaycan tərəfindədir. Görək, Azəri rəsmilər Türkiyənin rəsmi müraciəti qarşısında necə addım atacaqlar". /Yeni Müsavat/