Dövlət qulluqçusunun yaş həddi 65 olaraq müəyyənləşdirildi

İlham Əliyev

Prezident “Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər edilməsini təsdiqləyib

Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsini təsdiqləyib. ANS PRESS-in rəsmi dövlət mətbu orqanına istinadən verdiyi məlumata görə, dəyişikliklərə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

İnzibati vəzifələrin birinci-dördüncü təsnifatına aid vəzifələrdə qulluq keçən dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının razılığı əsasında nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. Dövlət orqanına aid edilən sahədə dövlət qulluğunda olma müddəti uzadılmış dövlət qulluqçularının sayı həmin dövlət orqanının vahid sistemini təşkil edən qurumların işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.

Dövlət orqanının aparatının və tabeliyində olan qurumun çalışma müddəti uzadılmış işçilərinin sayı müvafiq olaraq onun aparatının və tabeliyində olan həmin qurumun işçilərinin sayının 2 faizindən artıq ola bilməz.

Dövlət orqanının aparatında və ya tabeliyində olan qurumunda dövlət qulluqçularının sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.

Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin uzadılmasına onun razılığı əsasında yol verilir.

65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadılarkən aşağıdakılar nəzərə alınır:

-dövlət qulluğunda intizam tənbeh tədbirlərinin tətbiq edilməməsi;
-elmi dərəcənin və ya elmi adın olması;
-dövlət təltifi ilə təltif edilmə;
-attestasiyadan üç dəfə müvəffəqiyyətlə keçmə.

В этом разделе