
Prezident “Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər edilməsini təsdiqləyib
Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan  Respublikasının Qanununda dəyişikliklər edilməsini təsdiqləyib. ANS  PRESS-in rəsmi dövlət mətbu orqanına istinadən verdiyi məlumata görə,  dəyişikliklərə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda olmasının  yaş həddi 65-dir.  65 yaşına çatmış dövlət qulluqçusunun dövlət  qulluğunda olma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər  dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluqçusunun dövlət  qulluğunda olma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
 
 İnzibati vəzifələrin birinci-dördüncü təsnifatına aid vəzifələrdə qulluq  keçən dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq  dövlət orqanının razılığı əsasında nəzərdə tutulmuş müddətdən artıq  uzadıla bilər. Dövlət orqanına aid edilən sahədə dövlət qulluğunda olma  müddəti uzadılmış dövlət qulluqçularının sayı həmin dövlət orqanının  vahid sistemini təşkil edən qurumların işçilərinin ümumi sayının 15  faizindən artıq ola bilməz. 
 
 Dövlət orqanının aparatının və tabeliyində olan qurumun çalışma müddəti  uzadılmış işçilərinin sayı müvafiq olaraq onun aparatının və tabeliyində  olan həmin qurumun işçilərinin sayının 2 faizindən artıq ola bilməz.
 
 Dövlət orqanının aparatında və ya tabeliyində olan qurumunda dövlət  qulluqçularının sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış  işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.
 
 Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin uzadılmasına onun razılığı əsasında yol verilir. 
 
 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti  müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox  olmayaraq uzadılarkən aşağıdakılar nəzərə alınır:
 
 -dövlət qulluğunda intizam tənbeh tədbirlərinin tətbiq edilməməsi;
 -elmi dərəcənin və ya elmi adın olması;
 -dövlət təltifi ilə təltif edilmə;
 -attestasiyadan üç dəfə müvəffəqiyyətlə keçmə.