Azərbaycanlı zəvvarların 2011-ci ildə Həcc ziyarətinə yola düşəcəyi tarixlər dəqiqləşib
Bu barədə APA-ya  Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə  Dadaşova məlumat verib. O bildirib ki, azərbaycanlı zəvvarların bir  qismi müqəddəs ziyarətə avtobuslarla, bir qismi isə təyyarələrlə yola  düşəcək: “Ümumilikdə 44 avtobus iki karvan şəklində gedəcək. Oktyabrın  23-ü yola düşəcək ilk karvanda 18 avtobus, oktyabrın 24-ü yola düşəcək  ikinci karvanda isə 26 avtobus olacaq”.
 
 Təyyarələr isə daha gec – 28-31 oktyabr tarixlərində zəvvarları Həcc  ziyarətinə aparacaq. Ümumilikdə 5 təyyarə olmaqla oktyabrın 28, 30 və 31  oktyabr tarixlərində 1, 29 oktyabrda isə 2 təyyarə havaya qalxacaq.
 
 Qeyd edək ki, QMİ Azərbaycan Həcc missiyasının rəhbəri olaraq, Həcc  ziyarəti ilə bağlı müqəddəs Məkkə və Mədinə şəhərlərinə səfərləri  Səudiyyə Ərəbistanının Həcc Nazirliyi ilə imzalanmış protokol əsasında  həyata keçirir.
 
 2011-ci ildə Azərbaycandan Həcc ziyarətinə ölkəmiz üçün nəzərdə tutulan  kvotaya uyğun olaraq, 2 000 zəvvar avtobus və təyyarələrlə müqəddəs  məkanlara yola düşəcək.
 
 Ziyarət səfərləri avtobuslarla 2650 manat (keçən il 2500 manat olub),  təyyarə ilə səfər edənlər üçün isə 3750 manat (keçən il 3500 manat olub)  dəyərindədir. Bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza  xərcləri, torpaqbasdı vergisi, çadırların icarə haqqı daxildir.
 
 Builki yeniliklərdən biri də QMİ-nin Həcc ziyarətinə avtobusla gedəcək  azərbaycanlı zəvvarların marşrutunda dəyişiklik etməsidir. Belə ki,  zəvvarlar bu il Suriyada baş verən hadisələrlə əlaqədar Həccə  Azərbaycan-İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət  edəcəklər. Zəvvarlar Həcc ziyarətinə gedərkən və qayıdarkən İraqdakı  müqəddəs yerləri, o cümlədən Kərbəlanı da ziyarət edə biləcəklər.














