Azərbaycan XİN Serj Sarkisyanı ittiham etdi

"Əgər Ermənistan rəhbərliyi daha müdrik olsaydı, ölkə iqtisadi cəhətdən belə acınacaqlı vəziyyətə düşməzdi və belə demoqrafik böhran yaşamazdı"

Bunu cümə günü Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev deyib.

"Yenə də xatırlatmaq lazımdır ki, dünya ölkələri, xüsusilə, xarici şirkətlər Azərbaycanı qlobal xarakterli tərəfdaş kimi nəzərdən keçirirlər. Bu gün Azərbaycana dünya ictimaiyyəti tərəfindən kifayət qədər ciddi dəstək var. Ölkənin BMT-nin Təhlikəsizlik Şurasına seçilməsi bunun əyani təsdiqidir və bu, bir daha göstərir ki, Azərbaycan Şərqi Avropa kimi çətin qrupda 17 raunda tab gətirdi və bununla da qalib gələrək bu mühüm beynəlxalq təşkilatın üzvü oldu", - Ermənistan Prezidenti Serj Sarkisyanın çıxışını şərh edən Abdullayev bildirib.

Ermənistan KİV-in məlumatına görə, "Cənubi Qafqazda regional təhlükəsizliyin dinamikası" beynəlxalq konfransında çıxış edən Ermənistan Prezidenti deyib ki, Azərbaycanın başladığı silahlanma yarışı təkcə Ermənistan və Cənubi Qafqaz üçün deyil, böyük mənada region baxımından təhlükəli şəraitdir.

Abdullayevin sözlərinə görə, Ermənistan Prezidenti növbəti dəfə beynəlxalq ictimaiyyətdə yanlış fikir yaradır və Azərbaycanın hərbi büdcəsini manipuliyasiya edərək utanmadan öz xalqını aldadır.

"Xatırlatmaq lazımdır ki, Ermənistan büdcəsinin böyük hissəsini hərbi xərclərə ayırır, bu da bir daha təsdiq edir ki, bu ölkə hərbiləşdirilir", - Abdullayev deyib.

Onun sözlərinə görə, 20 faiz torpağı erməni işğalı altında olan Azərbaycana gəlincə, ölkənin müdafiə qabiliyyətinın möhkəmləndirilməsi təbii hesab edilir.

"Göründüyü kimi, Sarkisyanın mövqeyi dəyişməz olaraq destruktiv qalır və status-kvonun saxlanılmasına və münaqişənin həllinin süni şəkildə uzadılmasına yönəlib", - XİN rəsmisi qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

В этом разделе