
"Əgər Ermənistan rəhbərliyi daha müdrik olsaydı, ölkə iqtisadi cəhətdən belə acınacaqlı vəziyyətə düşməzdi və belə demoqrafik böhran yaşamazdı"
Bunu cümə günü Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev deyib.
"Yenə  də xatırlatmaq lazımdır ki, dünya ölkələri, xüsusilə, xarici şirkətlər  Azərbaycanı qlobal xarakterli tərəfdaş kimi nəzərdən keçirirlər. Bu gün  Azərbaycana dünya ictimaiyyəti tərəfindən kifayət qədər ciddi dəstək  var. Ölkənin BMT-nin Təhlikəsizlik Şurasına seçilməsi bunun əyani  təsdiqidir və bu, bir daha göstərir ki, Azərbaycan Şərqi Avropa kimi  çətin qrupda 17 raunda tab gətirdi və bununla da qalib gələrək bu mühüm  beynəlxalq təşkilatın üzvü oldu", - Ermənistan Prezidenti Serj  Sarkisyanın çıxışını şərh edən Abdullayev bildirib.
Ermənistan  KİV-in məlumatına görə, "Cənubi Qafqazda regional təhlükəsizliyin  dinamikası" beynəlxalq konfransında çıxış edən Ermənistan Prezidenti  deyib ki, Azərbaycanın başladığı silahlanma yarışı təkcə Ermənistan və  Cənubi Qafqaz üçün deyil, böyük mənada region baxımından təhlükəli  şəraitdir.
Abdullayevin sözlərinə görə, Ermənistan Prezidenti  növbəti dəfə beynəlxalq ictimaiyyətdə yanlış fikir yaradır və  Azərbaycanın hərbi büdcəsini manipuliyasiya edərək utanmadan öz xalqını  aldadır.
"Xatırlatmaq lazımdır ki, Ermənistan büdcəsinin böyük  hissəsini hərbi xərclərə ayırır, bu da bir daha təsdiq edir ki, bu ölkə  hərbiləşdirilir", - Abdullayev deyib.
Onun sözlərinə görə, 20  faiz torpağı erməni işğalı altında olan Azərbaycana gəlincə, ölkənin  müdafiə qabiliyyətinın möhkəmləndirilməsi təbii hesab edilir.
"Göründüyü  kimi, Sarkisyanın mövqeyi dəyişməz olaraq destruktiv qalır və  status-kvonun saxlanılmasına və münaqişənin həllinin süni şəkildə  uzadılmasına yönəlib", - XİN rəsmisi qeyd edib.
İki Cənubi Qafqaz  ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı  ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının  iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi  rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə  tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri  ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın  həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT  Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad  edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər  yerinə yetirməyib.