Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edilib- İran

“Azərbaycan İsrail və ABŞ-a arxalanmaqla Qarabağın azadlığına çalışır. Bu siyasi cəhd baş tutmayacaq”

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Təbrizdə keçirilən tədbirdə İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi Əlirza Beygi deyib. O bildirib ki, Azərbaycan Respublikasının torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edilib, Azərbaycan xalqı isə bu vəziyyətlə barışa bilmir: “Təəssüf ki, Azərbaycan dövləti işğal olunmuş əraziləri qaytarmaq üçün düzgün yol seçməyib. Qarabağın azadlığının yeganə yolu Azərbaycan dövlətinin İmam Hüseyn məktəbinə qayıdışındadır. Lakin təəssüflər olsun ki, Azərbaycan Respublikası qəflətdədir və məktəblərdə hicab qadağası və Məhərrəm ayında əzadarlıq keçirmək istəyənlərə qarşı məhdudiyyətlər yaratmaq kimi addımlarla ölkə şiələrinə əziyyət verir”.

Ə. Beygi Azərbaycanın rəsmi şəxsləri ilə bu məsələlərə dair müzakirələr apardıqlarını da söyləyib.

В этом разделе