"BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərarlar kağız üzərində qalıb"
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin və digər beynəlxalq  qurumların qəbul etdiyi qətnamələr bu günə qədər icra olunmayıb.  Avropada tətbiq edilən uğurlu muxtariyyat nümunələri Dağlıq Qarabağda da  tətbiq edilə bilər. Bu fikirləri prezident İlham Əliyev Azərbaycanın  dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə işinə başlayan  beynəlxalq konfransda səsləndirib.
 
 “Birləşmiş Millətlər Təşkilatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı  qəbul etdiyi qərarlar sadəcə kağız üzərində qalıb”. BMT-nin ünvanına bu  sərt bəyanatı dövlət müstəqilliyinin 20 -ci ildönümünə həsr olunmuş  mərasimdə prezident İlham Əliyev səsləndirib. Dövlət başçısı tədbirə  qatılan xarici qonaqların diqqətinə çatdırıb ki, Dağlıq Qarabağ problemi  təkcə Azərbaycana deyil, bütün regiona təhlükədir. 
 
 “Azərbaycan torpaqları 20 ildən çoxdur erməni silahlı qüvvvələrinin  təcavüzü altındadır. Beynəlxalq təşkilatlar isə bu təcavüzə son  qoymaqda, işğalçı Ermənistanı cəzalandırmaqda acizdir”, - deyə prezident  vurğulayıb. 
 
 Münaqişənin indiyədək həllini tapmamasında isə İlham Əliyev birbaşa rəsmi İrəvanın günahkar olduğunu bildirib. 
 
 Prezident Azərbaycanın tolerant ölkə olduğunu, burada müxtəlif xalqların  və dini təriqətlərin sülh və əmin-amanlıq şəraitində yaşadığını və  ölkənin bununla qürur duyduğunu vurğulayıb. Dövlət başçısı əlavə edib  ki, Avropada tətbiq edilən uğurlu muxtariyyət nümunələri Dağlıq  Qarabağda da tətbiq edilə bilər. 
 
 Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatının 70 faizini  təşkil etdiyini xarici qonaqların nəzərinə çatdıran prezident Avropa  İttifaqı - Azərbaycan münasibətlərinə də toxunub. O qeyd edib ki,  Azərbaycan əlaqələri qarşılıqlı hörmət və etimad üzərində qurub. Bu  əlaqələr getdikcə daha da güclənəcək. /ANS/














