Azərbaycan və MDB » Azərbaycan prezidenti beynəlxalq təşkilatları acizlikdə günahlandırıb

"BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərarlar kağız üzərində qalıb"

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin və digər beynəlxalq qurumların qəbul etdiyi qətnamələr bu günə qədər icra olunmayıb. Avropada tətbiq edilən uğurlu muxtariyyat nümunələri Dağlıq Qarabağda da tətbiq edilə bilər. Bu fikirləri prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə işinə başlayan beynəlxalq konfransda səsləndirib.

“Birləşmiş Millətlər Təşkilatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərarlar sadəcə kağız üzərində qalıb”. BMT-nin ünvanına bu sərt bəyanatı dövlət müstəqilliyinin 20 -ci ildönümünə həsr olunmuş mərasimdə prezident İlham Əliyev səsləndirib. Dövlət başçısı tədbirə qatılan xarici qonaqların diqqətinə çatdırıb ki, Dağlıq Qarabağ problemi təkcə Azərbaycana deyil, bütün regiona təhlükədir.

“Azərbaycan torpaqları 20 ildən çoxdur erməni silahlı qüvvvələrinin təcavüzü altındadır. Beynəlxalq təşkilatlar isə bu təcavüzə son qoymaqda, işğalçı Ermənistanı cəzalandırmaqda acizdir”, - deyə prezident vurğulayıb.

Münaqişənin indiyədək həllini tapmamasında isə İlham Əliyev birbaşa rəsmi İrəvanın günahkar olduğunu bildirib.

Prezident Azərbaycanın tolerant ölkə olduğunu, burada müxtəlif xalqların və dini təriqətlərin sülh və əmin-amanlıq şəraitində yaşadığını və ölkənin bununla qürur duyduğunu vurğulayıb. Dövlət başçısı əlavə edib ki, Avropada tətbiq edilən uğurlu muxtariyyət nümunələri Dağlıq Qarabağda da tətbiq edilə bilər.

Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatının 70 faizini təşkil etdiyini xarici qonaqların nəzərinə çatdıran prezident Avropa İttifaqı - Azərbaycan münasibətlərinə də toxunub. O qeyd edib ki, Azərbaycan əlaqələri qarşılıqlı hörmət və etimad üzərində qurub. Bu əlaqələr getdikcə daha da güclənəcək. /ANS/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!