Bakı Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu birgə açıqlama yayıb
Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu İctimai  Palatanın bugünkü razılaşdırılmamış aksiya cəhdi ilə bağlı açıqlama  yayıb. Birgə açıqlamada bildirilir ki, özünü İctimai Palata adlandıran  quruma daxil olan ayrı-ayrı radikal müxalifət partiyaları və təşkilatlar  2011-ci il aprelin 17-də N. Nərimanov adına kinoteatrın qarşısında  mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.  Müraciətə baxılaraq «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan  Respublikası Qanununun 7-ci maddəsinin I hissəsinə əsasən ictimai  mənafelərin qorunması, ictimai asayişin pozulmasının qarşısının  alınması, iğtişaş və cinayətlərin baş verməməsi, başqa şəxslərin hüquq  və azadlıqlarının müdafiəsi məqsədilə aksiyanın paytaxtın mərkəzi  hissəsində keçirilməsi onun yerinin dəyişdirilməsi formasında  məhdudlaşdırılaraq Səbail rayonunun Bibiheybət qəsəbəsindəki stadion  təklif olunub.
 
 Müraciətin müəlliflərinə bu haqda yazılı məlumat verilib, habelə müəyyən  edilməmiş yerlərdə keçiriləcək mitinqin qarşısının alınacağı və baş  verə biləcək ictimai qayda pozuntusuna görə məsuliyyət daşıyacaqları  barədə onlar Bakı Şəhər Baş Polis İdarəsi və Prokurorluğu tərəfindən  rəsmi xəbərdar olunub. Lakin aksiyanın təşkilatçıları aprelin 17-də saat  16.00-dan başlayaraq ümumi sayı təxminən 150 nəfərədək olan bir neçə  qrupla müxtəlif istiqamətlərdən paytaxtın «Sahil bağı»nda toplaşmağa  cəhd göstərib. Polis orqanları tərəfindən «Sərbəst toplaşmaq azadlığı  haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin II  hissəsinə əsasən toplantının təşkilatçılarının və iştirakçılarının  dağılışmaq barədə məlumatlandırılmasına, əks halda qanunvericiliyə uyğun  tədbirlərin görüləcəyi haqda dəfələrlə xəbərdar olunmalarına baxmayaraq  bu tələb yerinə yetirilməyib. 
 
 Görülmüş tədbirlərlə ictimai qaydanı pozan hərəkətlərin qarşısı alınaraq  qanunsuz aksiyanın 65 iştirakçısı saxlanılıb. Onlardan 40 nəfərinin  əməlləri ərazi polis bölmələrində müvafiq qaydada sənədləşdirilərək  toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün  aidiyyəti məhkəmələrə göndəriləcək. İzahatları alınmış daha 25 nəfər,  hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq  edildikdən sonra sərbəst buraxılıb. /APA/














