Azərbaycan və MDB » 17 aprel aksiyasında 65 nəfər saxlanılıb

Bakı Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu birgə açıqlama yayıb

Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu İctimai Palatanın bugünkü razılaşdırılmamış aksiya cəhdi ilə bağlı açıqlama yayıb. Birgə açıqlamada bildirilir ki, özünü İctimai Palata adlandıran quruma daxil olan ayrı-ayrı radikal müxalifət partiyaları və təşkilatlar 2011-ci il aprelin 17-də N. Nərimanov adına kinoteatrın qarşısında mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Müraciətə baxılaraq «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin I hissəsinə əsasən ictimai mənafelərin qorunması, ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş və cinayətlərin baş verməməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə aksiyanın paytaxtın mərkəzi hissəsində keçirilməsi onun yerinin dəyişdirilməsi formasında məhdudlaşdırılaraq Səbail rayonunun Bibiheybət qəsəbəsindəki stadion təklif olunub.

Müraciətin müəlliflərinə bu haqda yazılı məlumat verilib, habelə müəyyən edilməmiş yerlərdə keçiriləcək mitinqin qarşısının alınacağı və baş verə biləcək ictimai qayda pozuntusuna görə məsuliyyət daşıyacaqları barədə onlar Bakı Şəhər Baş Polis İdarəsi və Prokurorluğu tərəfindən rəsmi xəbərdar olunub. Lakin aksiyanın təşkilatçıları aprelin 17-də saat 16.00-dan başlayaraq ümumi sayı təxminən 150 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən paytaxtın «Sahil bağı»nda toplaşmağa cəhd göstərib. Polis orqanları tərəfindən «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin II hissəsinə əsasən toplantının təşkilatçılarının və iştirakçılarının dağılışmaq barədə məlumatlandırılmasına, əks halda qanunvericiliyə uyğun tədbirlərin görüləcəyi haqda dəfələrlə xəbərdar olunmalarına baxmayaraq bu tələb yerinə yetirilməyib.

Görülmüş tədbirlərlə ictimai qaydanı pozan hərəkətlərin qarşısı alınaraq qanunsuz aksiyanın 65 iştirakçısı saxlanılıb. Onlardan 40 nəfərinin əməlləri ərazi polis bölmələrində müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün aidiyyəti məhkəmələrə göndəriləcək. İzahatları alınmış daha 25 nəfər, hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. /APA/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!