Misirin sabiq prezidentinin vəkilləri hakimə yeni xahiş ünvanlayıblar
Misirin devrilmiş prezidenti Hüsni Mübarəkin iki aydan çox davam edən fasilədən sonra bu gün bərpa olunan məhkəmə iclası yanvarın 2-nə təxirə salınıb. Cəmi bir neçə saat davam edən məhkəmə iclasından sonra Hüsni Mübarək polis akademiyasının qarşısında gözləyən təcili yardımla ərazini tərk edib- "anspress" "accociated press"ə istinadən xəbər verir.
İclasa sədrlik edən hakim Hüsni Mübarəkin müdafiə vəkillərindən yeni xahişlər əldə edib. Hüsni Mübarəkin devrilməsindən sonra da etirazçıların öldürüldüyünü iddia edən vəkillər bu dəlillərin də işə daxil edilməsini istəyiblər və dinc sakinlərin ölümünə görə təkcə keçmiş prezidentin məsuliyyət daşımadığını deyiblər. Hüsni Mübarək rejiminin devrilməsindən sonra Misirdə etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş vermiş toqquşmalarda 100-dən çox adamın öldürüldüyü bildirilir.
83 yaşlı Hüsni Mübarək fevralda anti-hökumət nümayişlərində kütləvi iğtişaşlar zamanı 850 nəfərin ölümündə günahkar bilinəcəyi halda ölüm hökmü təhlükəsi qarşısındadır.
Hüsni Mübarəklə birlikdə keçmiş daxili işlər naziri Həbib el-Ədli və daha 6 keçmiş yüksək rütbəli təhlüksizlik rəsmisi eyni ittihamlarla üzləşib. Hüsni Mübarək və onun iki oğlu korrupsiyada da ittiham olunur.
Xatırladaq ki, Hüsni Mübarəkin ilk məhkəmə iclası avqustun 3-də başlayıb. Sentyabrda keçirilən sonuncu dinləmənin isə mediada işıqlandırılması qadağan edilmişdi. Kütləvi iğtişaş qurbanlarının vəkillərinin dinləmələrə sədrlik edən hakim Əhməd Refaatın dəyişdirilməsi xahişi ilə əlaqədar dinləmələr təxirə salınmışdı. Dekabrın 7-də isə həmin xahiş rədd edilmişdi.