Hüsni Mübarəkin məhkəməsi təxirə salındı

Misirin eks-prezidenti məhkəmə zalında çox qısa müddət olub

Anspress xəbər verir ki, Qahirədə Misirin devrilmiş prezidenti Hüsni Mübarək, onun iki oğlu, həmçinin bu ölkənin keçmiş daxili işlər naziri Həbib əl-Ədli və onun altı müavininin işi üzrə bu gün başlayan növbəti məhkəmə prosesi sabaha təxirə salınıb. Vertolyotla Qahirə yaxınlığındakı Beynəlxalq tibb mərkəzindən polis akademiyasına gətirilən 83 yaşlı Hüsni Mübarək məhkəmə zalında çox qısa müddət olub. Hüsni Mübarəkin tərəfdarları ilə yanaşı, onun cəzalandırılmasını tələb edən onlarla insan polis akademiyasının qarşısına toplaşıb.

Xatırladaq ki, 2011-ci ilin əvvəlində antihökumət nümayişlərində etirazçılara atəş açılması və korrupsiya ittihamları üzrə məhkəmə iclası 3 aylıq fasilədən sonra ötən həftə bərpa edilmişdi. Ancaq müttəhimlərin müdafiəçilərinin həmin iclasda bir sıra tələblər irəli sürməsindən sonra dinləmələr bu günə təxirə salınmışdı.

Müdafiəçilər işə 2011-ci ilin son aylarında baş vermiş toqquşmalarla bağlı materialları da daxil etməyi tələb etmişdilər. Xüsusən də keçmiş daxili işlər naziri əl-Ədlinin vəkilləri ötən ilin oktyabr-dekabr aylarında Qahirə televiziya mərkəzi ətrafında və Təhrir meydanında onlarla insanın ölümü, minlərlə adamın xəsarət alması ilə nəticələnmiş toqquşmalara da baxılması tələbini irəli sürmüşdülər.

Müdafiəçilərin sözlərinə görə, həmin hadisələr 2011-ci ilin yanvar-fevralında baş vermiş toqquşmalarla oxşardır və bunda üçüncü qüvvənin əli olduğuna sübutdur. Bundan başqa, vəkillər doqquz yeni şahidin, o cümlədən ümumi kəşfiyyat xidmətinin rəisi Murad Muvəfi, Milli təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Mustafa Abdel Nabiv və Misirin respublika qvardiyasının qüvvələrinin keçmiş komandanı Naqib Məhəmməd Abdel Salyamın məhkəməyə çağrılmasını istəyirlər.

Öz növbəsində zərər çəkmişlərin vəkilləri prosesdən küveytli vəkil qrupunun kənarlaşdırılmasını tələb edirlər. Onlar bu məhkəməni tam ölkədaxili məsələ hesab edirlər.

Xatırladaq ki, Misirdə ötən ilin fevralında Hüsni Mübarək rejiminin devrilməsi ilə nəticələnən toqquşmalarda 850 nəfər ölüb, minlərlə insan xəsarət almışdı.

Qeyd edək ki, ötən həftə məhkəmə nümayişçilərə atəş açılmasında ittiham olunan 4 polis zabit və serjanta bəraət qazandırıb. Məhkəmə polis əməkdaşlarının addımını özünümüdafiə hesab edib.

В этом разделе