Söhbət Əfqanıstandan çıxarılacaq hərbi heyət, sursat və avadanlıqlardan gedir
Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov və nəqliyyat  nazirinin müavini Musa Pənahov NATO-nun Mənzil Qərargahına səfər edib.  etmişlər. Аzərbaycan Respublikasının NATO yanında Nümayəndəliyindən ANS  PRESS-ə verilən məlumata görə, səfərin məqsədi Beynəlxalq Təhlükəsizliyə  Dəstək Qüvvələrinin (ISAF) iştirakçı dövlətlərinə 2014-cü ildə ISAF  əməliyyatının başa çatması ilə əlaqədar Əfqanıstandan çıxarılacaq hərbi  heyət, sursat və avadanlıqların Azərbaycan, Gürcüstan və Türkiyənin  üzərindən tranzit daşınma imkanlarına dair məlumatın verilməsi olub. 
 
 Türkiyə və Gürcüstanın yüksək səviyyəli rəsmiləri ilə birgə edilmiş  təqdimatda Azərbaycan, Gürcüstan və Türkiyənin quru, hava və dəniz  tranzit yolları, mövcud və inşa edilən nəqliyyat şəbəkəsi  (Bakı-Tiflis-Qars dəmir yolu və s.), infrastruktur (beynəlxalq hava və  dənzi limanları, o cümlədən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı  (Ələt)) və imkanlara dair müfəssəl məlumat verilib və müvafiq bölgələrin  gələcək iqtisadi inkişafını nəzərdə tutan, həmçinin siyasi,  təhlükəsizlik və maliyyə nöqteyi-nəzərdən etibarlı və sərfəli tranzit  xəttini təşkil edən müvafiq yolun təmin edilməsində hər üç ölkənin birgə  öhdəlik götürdüyü qeyd olunub. 
 
 Geriyə daşınmanın ISAF ölkələri üçün olduqca aktual və önəmli olmasını  nəzərə alaraq, sözügedən təqdimat NATO üzvləri və ISAF tərəfdaşları  tərəfindən böyük maraqla qarşılanıb və təklif olunan tranzit imkanları  yüksək dəyərləndirilib.
 
 A.Əzimovun NATO-nun Mənzil Qərargahına səfəri  çərçivəsində onun  NATO-nun bır sıra yüksək vəzifəli şəxsləri ilə ikitərəfli görüşləri  keçirilib. Görüşlərdə Azərbaycan-NATO tərafdaşlıq məsələləri, regional  təhlükəsizlik və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə  olunub.














