Azərbaycanın müdafiə qabiliyyəti gücləndirilir

Gələn ilin dövlət büdcəsi Maliyyə Nazirliyinin kollegiyasında təsdiqlənib

Gələn ilin büdcəsi Maliyyə Nazirliyində müzakirə edilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, 2011-ci il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri dünən qurumun kollegiyasında müzakirəyə çıxarılıb. Kollegiya iclasında çıxış edən maliyyə naziri Samir Şərifov qeyd edib ki, 2011-ci il dövlət büdcəsinin layihəsi prezident İlham Əliyevin Azərbaycan dövlətinin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet vəzifələrə uyğun olaraq, “Büdcə sistemi haqqında” Qanunun tələbləri, Azərbaycan Respublikasının 2011-ci il və sonrakı üç il üzrə proqnoz göstəriciləri, dünyada səngiməkdə olan maliyyə-iqtisadi böhranın ehtimal olunan təsirləri və dövlət büdcəsinin gəlirlərini təmin edən, həmçinin dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatların sifarişləri nəzərə alınmaqla tərtib olunub.

İclasda qeyd edilib ki, 2011-ci il dövlət büdcəsi xərclərinin layihəsinin tərtibi zamanı dövlətin müdafiə qabiliyyətini gücləndirmək, iqtisadi, enerji, ərzaq, ekoloji təhlükəsizliyini təmin etmək, regionların sosial-iqtisadi inkişafına dair tədbirlərin, investisiya və sosial proqramların, xarici borc və öhdəliklərin maliyyə təminatının yaradılmasına üstünlük verilib.
Kollegiya 2011-ci il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini dəstəkləyərək Nazirlər Kabinetinə təqdim olunması haqqında qərar qəbul edib. Kollegiyada Maliyyə Nazirliyinin bir sıra cari məsələləri də müzakirə olunub. /Yeni Musavat/

В этом разделе