Azərbaycanın hərbi xərcləri rekord həddə çatıb

Azərbaycan bayrağı

Qarabağ danışıqlarında imkanların tükənməkdə olduğu bir vaxtda Ermənistana ciddi mesaj verildi: 384 milyon dollara qarşı 3.1 milyard dollar!

Azərbaycan hökuməti gələn il üçün ölkənin hərbi büdcəsinin rekord səviyyədə artırıldığını elan edib. 2011-ci il üçün dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib ki, gələn il müdafiə sahəsinə ayrılan xərclər 90 faizə qədər artırılır və 2.5 milyard manat (3 milyard 100 min dollar) təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, bu il üçün Azərbaycanın hərbi xərcləri 1 milyard 187 milyon manat təşkil edir. Göründüyü kimi, Azərbaycan hökuməti hərbi xərclərin demək olar ki, iki dəfə artırılmasına qərar verib. Maliyyə naziri deyib ki, hərbi xərclərə ayrılan vəsaitlərdən 1 milyard 400 milyon dolları Azərbaycan ordusunun modernləşdirilməsinə-müasir silahların alınmasına sərf olunacaq. Nazir əlavə olaraq gələn il üçün müdafiə sənayesinə ayrılan xərclərin də artırıldığını bildirib, lakin rəqəm açıqlamayıb.

Qeyd edək ki, Azərbaycan onsuz da son illər ərzində davamlı olaraq hərbi xərcləri artırıb. Prezident İlham Əliyev bəyan etmişdi ki, Azərbaycanın hərbi büdcəsini Ermənistanın ümumi büdcəsindən daha artıq olmasını təmin edəcək. 2010-cu ildə artıq bu hədəfə çatmaq mümkün olub. Bu il isə hərbi xərclərin az qala iki dəfə artmasından söhbət gedir. Ermənistan mənbələrinin məlumatlarına əsasən bu ölkənin gələn il üçün ümumi büdcəsi cəmi 2 milyard 350 milyon dollar təşkil edir. Bu da Azərbaycanın gələn il üçün hərbi xərclərindən 850 milyon dollar azdır. Ermənistanın gələn il üçün ayırdığı hərbi büdcəsi isə Azərbaycanla müqayisədə hətta qəpik-quruş kimi görünür. Düşmən ölkə gələn il hərbi sahəyə cəmi 387 milyon dollar xərcləməyi nəzərdə tutur. Bu da Azərbaycanın xərclərindən az qala 10 dəfə aşağıdır. Ermənistan bu illə müqayisədə hərbi büdcəsini gələn il cəmi 14 milyon dollar artıra bilib. Bu da ölkə iqtisadiyyatının nə dərəcədə acınacaqlı durumda olduğunu göstərir. Ermənistan mətbuatı və ekspertləri Azərbaycanın gələn il üçün təqdim etdiyi hərbi büdcədən heyrətə düşdüklərini gizlətmirlər. Hakimiyyət təmsilçiləri inandırmağa çalışırlar ki, bu rəqəm onları qorxutmur və Ermənistanın hərbi xərclərlə bağlı problemi yoxdur. Həmçinin belə tezisdən istifadə edilir ki, Ermənistan ordusu milyardlarla dollarlıq hərbi büdcə olmadan da regionda ən güclüdür.
Buna baxmayaraq müstəqil ekspertlər və müxalifət düşərgəsi fərqli düşünür. “REGNUM”  agentliyinin xəbərinə görə, İrəvanın eks-meri, Ermənistan Ümummilli Hərəkatının təmsilçisi Vahan Xaçatryan deyib ki, artıq ölkə Azərbaycanla rəqəm yarışına çıxmaq iqtidarında deyil və bu iddiadan əl çəkməlidir. “Ağrılı da olsa, bu belədir. Azərbaycan neft dollarlarından istifadə edərək öz gələcəyini qurur. Bu ölkənin iqtisadi göstəriciləri, həmçinin büdcəsinin xərc maddələri bizimkindən dəfələrlə artıqdır. Belə vəziyyətdə Ermənistanın yeganə çıxış yolu demokratik institutların inkişafıdır”, - deyə o bildirib. Xaçatryan həmçinin deyib ki, Ermənistan Azərbaycanla konstruktiv dialoqa getməlidir: “Kompromislər yoluyla anlaşma əldə etməyi bacarmaq lazımdır. Əvvəl-axır biz qonşumuzla münasibətləri normallaşdırmalıyıq. Müharibə kompromis deyil, dalana aparan variantdır və arxasında boşluq var”.
Maraqlıdır ki, ötən həftə, Azərbaycanın 2011-ci il üçün büdcə layihəsi parlamentin müzakirəsinə çıxarılmazdan əvvəl Ermənistan rəhbərliyində hərbi xərclərimizin artım səviyyəsi ilə bağlı səhih məlumat olmayıb. Müdafiə naziri Seyran Ohanyan oktyabrın 6-da jurnalistlərə bildirib ki, Azərbaycanın gələn il üçün hərbi xərclərini daha 10 faiz artırdığı barədə məlumat var: “Əlbəttə, bu artım Ermənistanı təhdid edir, lakin biz də əlimizi yanımıza salıb oturmuruq. Bir çox addımlar atırıq ki, geri qalmayaq, eyni zamanda silahlanma yarışına qoşulmaq istəmirik, keyfiyyətə və ordunun döyüş qabiliyyətinin artırılmasına fikir veririk”. Ohanyan əlavə edib ki, Ermənistan ordusunun gücləndirilməsinə dair plan Təhlükəsizlik Şurasında müzakirə olunub və ölkə rəhbərliyi ilə ümumən razılaşdırılıb.
Azərbaycanın hərbi büdcəsini ikiqat artırması Qərb KİV-lərinin də diqqətinə səbəb olub. “Frans Press”, “Röyter” və “Assoşeyted press” agentlikləri Ermənistanla müharibə vəziyyətində olan Azərbaycanın neft gəlirlərindən istifadə edərək hərbi xərclərini görünməmiş sürətlə artırdığını yazırlar. Qeyd edək ki, Azərbaycanın hərbi xərclərini ikiqat artırmağa qərar verməsi Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların imkanlarının tükənməkdə olduğu bir vaxtda baş verir. Danışıqlar prosesi Ermənistanın qeyri-konstruktiv və qəbuledilməz yanaşması üzündən faktiki olaraq aylardır dayanıb, 6 ilə yaxındır davam edən sülh prosesinə ciddi zərbə vurulub və vasitəçilərin uzun müddətli danışıqlardan sonra ən məqbul variant kimi ortaya çıxardıqları yenilənmiş Madrid prinsipləri İrəvan tərəfindən qəbul edilməyib. Azərbaycan prezidenti dəfələrlə bəyan etmişdi ki, danışıqların imkanlarının tükənməsi işğal olunmuş ərazilərin qaytarılması üçün nativ variantları aktuallaşdıracaq. Belə görünür ki, indi aktual olan məhz nativ variant - hərbi əməliyyatlar yoluyla torpaqların qaytarılmasıdır. Azərbaycan da bu situasiyanı nəzərə alaraq gələn il üçün rekord hərbi büdcə - faktiki olaraq müharibə büdcəsi ayırır. Çünki hərbi xərclərin bu cür kəskin artması ancaq işğal edilmiş ərazilərin güc yoluyla geri qaytarılmasına hazırlıqla izah edilə bilər.
Eyni zamanda bu addım Ermənistana ünvanlanmış ciddi siqnaldır. Rəsmi Bakı nümayiş etdirir ki, düşmən ölkə danışıqlarda indiki yanaşmanı davam etdirsə, çox çəkmədən nativ variant işə düşəcək. Çünki Ermənistan rəhbərliyi öz orduları ilə nə qədər öyünsə də, hərbi balansın Azərbaycanın xeyrinə kəskin dəyişməsi faktı ortadadır. Azərbaycan gələn il üçün silahlanmaya, müasir silahların alınmasına Ermənistanın ümumi büdcəsinin yarısı qədər vəsait xərcləməyə hazırlaşır. 1 milyon 400 milyon dollar orduya silahların və yeni hərbi texnikanın alınması üçün kifayət qədər ciddi məbləğdir. Bu vəsaitə Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığın gücləndiyi Ukrayna, İsrail, İran, Pakistan, Belarus və Rusiyanın özündən  xeyli miqdarda silah, texnika əldə edə bilər. Rusiyanın Azərbaycana S-300 zenit-raket komplekslərinin modernləşdirilmiş variantını satmaq barədə müqavilə bağladığı barədə xəbərlər təkzib edilmir. Bu müqavilənin dəyəri 300 milyon dollara yaxındır. Həmçinin Azərbaycan Çin və Pakistanın birgə istehsalı olan 24 ədəd JF-17 yüngül qırıcı təyyarələrini almaq üçün razılaşma əldə edib.
Hərbi balansın Azərbaycanın xeyrinə kəskin şəkildə dəyişməsi Ermənistanı Qarabağ danışıqlarında kompromisə məcbur etmək üçün ən mühüm rıçaqlardan biri ola bilər. Təsadüfi deyil ki, Azərbaycanın hərbi xərcləri ilə ayaqlaşa bilməyən Ermənistan Rusiya hərbi bazasının dislokasiya müddətini 49 il uzadaraq Azərbaycanla sərhədlərinin mühafizəsini də rus qoşunlarına həvalə etməli oldu. Ermənistanın Azərbaycanın hərbi büdcəsindən narahatlığı dəfələrlə rəsmi İrəvan tərəfindən müxtəlif sammitlərdə və forumlarda ifadə edilib. Həmçinin Azərbaycanın müstəqil hərbi sənaye kompleksi formalaşdırmasından narahat olan Ermənistan da analoji addım atmağa çalışır, lakin iqtisadiyyatının ağır durumda olması səbəbindən yeni hərbi zavodlar açıb texnologiyalar cəlb etmək çətindir. Digər tərəfdən, Ermənistan silahlı qüvvələrində vəziyyət acınacaqlıdır və bu məsələ ətrafında qalmaqallı müzakirələr gedir. Belə bir vaxtda Azərbaycan öz ordusunu gücləndirməklə həm danışıqlar prosesində vəziyyəti dəyişməyi hesablayır, həm də işğal edilmiş əraziləri qaytara bilmək üçün real şərtlər  formalaşdırır. /Yeni Musavat/

В этом разделе