XAMNEYİ PREZİDENT SEÇKİSİNDƏN DANIŞIB

Aprelin 29-da müəllimlər, fəhlələr, şəfqət bacıları qarşısında çıxış edən İranın dini rəhbəri ayətullah Əli Xamneyi ad çəkmədən iyunun 12-də keçiriləcək prezident seçkisini şübhə altına alan namizədləri kəskin pisləyib.

İki islahatçı namizəd - Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi və keçmiş baş nazir Mirhüseyn Musəvi aprelin 26-da jurnalistlərə açıqlama verərək prezident seçkisində səslərin düzgün sayılmasına nəzarət etmək üçün müştərək komitə yaratdıqlarını demişdilər.

“Media forum” saytının məlumatına görə, Xamneyi deyib: “Təəssüf ki, xalqdan olan, vətəndaşların onlara diqqət yetirilməsini arzu edən bəzi dostlar naşükürlük edərək insafsızcasına xalqın əleyhinə danışır, düşmənin yalan sözünü təkrarlayaraq seçkini şübhəyə alırlar”. 

Prezident seçkisində səslərin düzgün sayılması məqsədi ilə müştərək komitənin yaradılması İran prezidenti Mahmud Əhmədinejada yaxın mühafizəkarların geniş etirazı ilə qarşılanıb.

İslahatçılar tərəfsiz müşahidəçilərin seçkiyə nəzarət etməsinə şərait yaradılmayacağı təqdirdə mühafizəkarların hökumətin maddi resursları və “Bəsic” (hökumət tərəfdarı könüllülər dəstəsi) qüvvələrindən yararlanaraq Əhmədinejadın yenidən prezident seçilməsi üçün zəmin yaratmasından ehtiyatlanırlar. 


«Media forum»


В этом разделе