Tehran Bakının notasına cavab verdi

İran tərəfinin cavabı Bakıya çatdırılıb

Rəsmi Tehran “FARS” xəbər agentliyinin 09.08.2011-ci il tarixli sayında İran silahlı qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadinin Azərbaycan rəhbərliyinin və xalqının ünvanına söylədiyi yersiz fikirlərlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyininin etiraz notasına cavab verib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, rəsmi Tehranın Azərbaycanın etiraz məktubuna cavabı bu günlərdə XİN-ə diplomatik kanallarla təqdim edilib.

Elman Abdullayevin sözlərinə görə, hazırda Azərbaycan tərəfi məktubun məzmununu nəzərdə keçirir. Sözçü məktubun məzmununu açıqlamayıb.

Xatırladaq ki, İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami avqustun 11-də İran silahlı qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadinin söylədiyi yersiz fikirlərlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunmuşdu. Onu xarici işlər nazirinin müavini N.Hüseynov qəbul edərək Azərbaycan tərəfinin etiraz notasını təqdim etmişdi.

Xarici İşlər Nazirliyinin notasında İran rəsmisinin bu cür məsuliyyətsiz iftiralarına qəti etiraz bildirilir və İran mətbuatında Azərbaycan Respublikası xalqına və dövlətinə qarşı yönəldilib, milli mənafeyi və təhlükəsizliyinə zidd məlumatların yayımlanmasının, dövlətimizin daxili və xarici siyasətinin təhrif olunmasının ölkələrimiz arasında yaranmış dostluq və qarşılıqlı anlaşma və öhdəliklərlə ziddiyyət təşkil etdiyi vurğulanırdı.

Azərbaycan XİN-i İran tərəfindən Azərbaycana qarşı qərəzli bəyanatların verilməsinin qarşısının alınması və bu kimi addımların bir daha təkrar olunmaması istiqamətində İran İslam Respublikası tərəfindən qısa müddət ərzində müvafiq tədbirlərin görülməsini və sözügedən məsələyə dair aydınlıq gətirilməsini tələb etmişdi.

В этом разделе