"Bu məsələni bu gündən sonra davam etdirməsinlər"
İran İslam İnqilabının lideri Ayətullahul-uzma Seyid Xameneyi noyabrın 21-də “Sepah” nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatının (inqilab tərəfdarı könüllülər dəstəsi) rəhbərləri ilə görüşüb.
“Media forum” saytının məlumatına görə, görüşdə çıxış edən Ayətullah Xameneyi İran parlamentinin deputatlarından prezident Mahmud Əhmədinejadın dindirilməsi prosesini dayandırmalarını istəyib: “Prezidentin dindirilməsi, sorğu-suala tutulması ilə bağlı irəli sürülmüş layihə özü-özlüyündə müsbət bir addım idi. Bu həm parlamentin məsuliyyət hissi daşıdığını, həm də hökumət rəsmilərinin gördüyü işlər üçün cavabdeh olmağa hazır olduğunu göstərir. Lakin bu dindirilmə prosesinin davam etdirilməsi düşmənin istəyidir. Elə buna görə də möhtərəm deputatlardan istəyirik ki, bu məsələni bu gündən sonra davam etdirməsinlər”.
Bunun ardınca jurnalistlərə danışan İran parlamentinin deputatı Əvəz Heydərpur ölkə rəhbərinin göstərişi haqda birgə bəyanat yaydıqlarını deyib: “Ölkə rəhbərinin göstərişi deputatlar üçün qanundur. Məhz həmin səbəbə görə də deputatlar prezidentin parlamentdə dindirilməsi layihəsini geri götürürlər”.
İran prezidenti Mahmud Əhmədinejadın dindirilməsi ilə bağlı layihə noyabrın 4-də parlamentə təqdim edilmişdi. Layihəni 77 deputat imzalamışdı. Onlar Əhmədinejadın parlamentdə valyuta böhranı və digər iqtisadi problemlərlə bağlı suallara cavab verməsini tələb edirdilər.