“İranla ABŞ arasında 1979-cu ildə kəsilən əlaqələr 2009-cu ildə qısamüddətli olsa da təkrar başladı”.
APA-nın məlumatına görə, bu barədə İsraildə nəşr olunan “Maariv” qəzeti yazıb. Xəbərdə bildirilir ki, dörd il əvvəl prezident seçildiyində ABŞ-ın Rusiya və Çin kimi supergüclərlə əlaqələrini yenidən normallaşdıracağı vədini verən Barak Obama İranla da diplomatik münasibətlər qurmaq üçün fəaliyyətə başlayıb: “Barak Obama 2009-cu ilin yanvarında Ağ Evin başına gəlməsindən bir neçə ay sonra İran rəhbərliyi ilə yaxınlaşmağa başladı. Qısa müddətdən sonra İranın mübahisəli nüvə proqramı və Yaxın Şərqdəki vəziyyətlə bağlı siyasətində diplomatiyanın rolunu artırmaq istəyən Ağ Ev İranla ön şərtsiz diplomatiya dili ilə danışmağa hazır olduğunu açıqladı. Barak Obamanın sələfi Corc Buşun xarici siyasətinə uyğun gəlməyən bu addımı 2009-cu ilin yaz aylarında gerçəkləşdi. İlkin mərhələdə ABŞ rəsmiləri İran rəhbərliyinə Tehran və Vaşinqtonda qarşılıqlı olaraq məsləhətçilər səviyyəsində diplomatik kanal açılmasını təklif etdi. 1979-cu ildə diplomatik əlaqələri kəsilən iki ölkə diplomatik kanallardan ünsiyyətə ən alt səviyyədən başlayacaqdı. Bu təklif üzərinə İran və ABŞ nümayəndələri arasında ən azı iki dəfə birbaşa görüş keçirildi”.
Qəzet yazır ki, bu görüşlərdən biri İranla “altılıq” ölkələri arasında 2009-cu ilin oktyabrında Cenevrə şəhərində keçirilən nüvə müzakirələri zamanı baş tutub: “ABŞ dövlət katibinin müavini Uilyam Börns və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili arasında keçirilən görüş bir saatdan çox çəkdi. Ancaq İran rəhbərliyi ABŞ-ın əlaqələri normallaşdırmaqla bağlı səyinə şübhə ilə yanaşdı və hər şeyi rədd etdi. Bununla da Vaşinqton və Tehran nümayəndələrinin qarşılıqlı bazarlığı yarımçıq qaldı. Çünki İranın əsas narahatlığı ictimaiyyətin ABŞ-ın birbaşa təsiri altına düşərək rejimin sarsıla biləcəyi düşüncəsi idi. Ağ Ev isə bu addımlarla İranın uranın zənginləşdirilməsi proqramını təxirə salmağa ümid edirdi”.
Qeyd edək ki, bu günlərdə ABŞ-da nəşr olunan “The New York Times” qəzetinin “İranın mübahisəli nüvə proqramı ilə bağlı ABŞ-la birbaşa müzakirələri qəbul etdiyi” barədə xəbəri rəsmi Vaşinqton və Tehran tərəfindən təkzib olunmuşdu. Hazırda İran ABŞ-la diplomatik əlaqələrini İsveçrənin Tehrandakı səfirliyi vasitəsilə icra edir.