Bəsrə şəhərində partlayış qurbanlarının sayı artır
İraqın Bəsrə şəhərində şiə zəvvarların izdihamı arasında törədilən partlayış nəticəsində ölənlərin sayı 53-ə çatıb. "Reuters" agentliyinin məlumatına görə, partlayış nəticəsində 100-dən çox adam da yaralanıb. Partlayışı polis geyimində olan kamikadze törədib. O, yoxlama məntəqəsindən keçərkən özünü partladıb. Ölən şiə zəvvarlar Bəsrənin əl-Zubyer məscidinə gedirmişlər. Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib- "anspress" "reuters" agentliyinə istinadən xəbər verir.
Qeyd edək ki, terror aktı şiə müsəlmanları üçün müqəddəs "Ərbəin" günü, yəni imam Hüseynin anımının 40-cı günündə həyata keçirilib. 2003-cü ildə Səddam Hüseyn devrildikdən sonra İraqda şiələrlə sünnilər arasında gərginlik artıb. Son bir neçə həftə ərzində şiələrə hücum nəticəsində onlarla adam ölüb.