İraq hökuməti keçmiş ölkə başçısı Səddam Hüseynin Tikrit şəhəri yaxınlığındakı doğma Oca kəndində yerləşən qəbrinin üzərindəki tikiliyə girişi qadağan edib
SalamNews-un RİA ''Novosti''yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli sakinlərdən Süleyman əl-Tikriti bildirib.
"Bazar günü Bağdaddan gələn və birbaşa İraqın baş naziri Nuri əl-Malikiyə tabe olan xüsusi qüvvələr mavzoleyi bağlayıblar", - Süleyman əl-Tikriti deyib.
Bildirək ki, sabiq prezidentin məzarı üzərində tikili mərhumun qohumları tərəfindən ucaldılıb. Mavzoleydə, Səddam Hüseyndən başqa, 2003-cü ildə ABŞ hərbçiləri tərəfindən qətlə yetirilmiş oğlanları - Udey və Küsey, həmçinin, nəvəsi Mustafa dəfn olunublar.
Daha sonra İraq tribunalının qərarı ilə edam edilmiş sabiq diktatorun digər silahdaşları - bir vaxtlar İraq kəşfiyyatına rəhbərlik etmiş ögey qardaşı Bərzan əl-Tikriti, sabiq vitse-prezident Təha Yasin Ramadan və İnqilabi Trinbunalın keçmiş sədri Əvad əl-Bəndər də həmin yerdə dəfn olunublar.
Xatırladaq ki, Səddam Hüseyn 2003-cü ilin dekabrında həbs olunub. Sabiq prezident tribunal tərəfindən ölüm cəzasına məhkum olunub. 2006-cı ilin dekabrında hökm icra olunub.